"Cəhənnəm istisi" gəlir - Nələr baş verəcək?

28 İyun 2025 07:37 (UTC+04:00)

İspaniya rekord həddə - 47 dərəcə istiyə hazırlaşır, hətta Böyük Britaniyada da təxminən 36 dərəcə isti gözlənilir. İtaliyada yollar əriyir, Yunanıstanda meşə yanğınları tüğyan edir. SİA xəbər verir ki, hazırda qitə üzərinə enən istilik qübbəsi artıq İspaniyanın Mayorka adasında bir turistin həyatına son qoyub. Mütəxəssislər Afrikadan gələn hava dalğası səbəbindən yaxın günlərdə havanın daha da isti olacağından ehtiyat edirlər. Qonşu Portuqaliyanın milli meteoroloji agentliyi bildirib ki, istilik dalğası şənbə günü, iyunun 28-də başlayacaq. Temperatur ölkənin cənubunda, eləcə də mərkəzi ərazilərində 40 dərəcədən çox olacaq. Paytaxt Lissabonda temperaturun 45 dərəcəyə çatacağı gözlənilir. Yunanıstanda yüzlərlə yanğınsöndürən bu həftə Egey dənizinin şərqindəki Xios (Sakız) adasında nəzarətdən çıxan meşə yanğını ilə mübarizə aparıb. Afina yaxınlığında da yanğınlar başlayıb, zeytun bağları məhv olub.