“Atletik” klubu “Barselona”nın ispan futbolçu Niko Uilyamsı müqaviləsindəki 58 milyon avroluq sərbəst qalma məbləğini ödəmə qabiliyyətinə şübhə ilə yanaşır. SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytında yayımlanan açıqlamada bildirilir.
Məlumata görə, Bilbao klubunun prezidenti Yon Uriarte La Liqa rəhbəri Xavyer Tebasla görüş keçirib. Görüşdə “Barselona”nın maliyyə feyr-pley qaydaları çərçivəsində transfer imkanları müzakirə olunub. Söhbət xüsusilə 22 yaşlı Uilyamsın mümkün keçidindən gedib.
“Atletik La Liqaya görüş zamanı göstərdiyi əməkdaşlığa və dəqiqliyə görə təşəkkür edir. Bu görüş Madrid şəhərində baş tutub və La Liqa ilə klub arasında maliyyə feyr-pley qaydalarına əməl olunmasına dair məsələlər aydınlaşdırılıb.
Müzakirə olunan əsas mövzulardan biri də “Barselona”nın yeni futbolçu qeydiyyatı aparmaq imkanları idi. “Atletik” olaraq, idman direktoru Dekpnun birinci komandamızdan futbolçunu transfer etmək istədiklərini açıq şəkildə bildirməsindən sonra bu məsələyə dair məlumat almaq bizim hüququmuzdur. Həmin futbolçunun klubla 30 iyun 2027-ci ilədək müqaviləsi var”, – deyə açıqlamada qeyd edilir.
“Atletik” həmçinin “Barselona” prezidenti Xuan Laportanın daha əvvəl verdiyi açıqlamaları da yada salıb. Laporta o zaman “Barselona”nın hələ də La Liqanın tələblərinə tam cavab vermədiyini və bu səbəbdən yeni futbolçuların qeydiyyatı ilə bağlı problemlərinin olduğunu etiraf etmişdi.
Bask klubu bəyan edib ki, mövcud qaydalar çərçivəsində öz maraqlarını qətiyyətlə qoruyacaq.
Xatırladaq ki, “Barselona” bu mövsüm La Liqa klubları ilə maliyyə məsələlərinə görə tez-tez mübahisə edir. Bu gərginlik yanvarda Dani Olmo və Pau Viktora müvəqqəti qeydiyyat icazəsi verilməsi qərarından sonra daha da dərinləşmişdi. La Liqa isə cavab olaraq bu prosesin qanunsuz olduğunu bildirmiş və rəsmi şikayət təqdim etmişdi. Amma nəticədə bu şikayət heç bir nəticə verməmişdi.