Boksçu Aleksandr Usikin meneceri Sergey Lapin ukraynalı idmançının promouter Aleksandr Krasyukla əməkdaşlığa son qoymaq qərarını şərh edib. SİA xəbər verir ki, 2013-cü ildən birlikdə işləyən Usik və Krasyuk Daniel Dyubua ilə revanş oyununa bir ay qalmış əməkdaşlığa son qoyublar. “Bu, bir çox insanın yaşadığı adi vəziyyətdir. Usik ondan əvvəl Meyvezer, De La Hoya, Pakyao və Alvaresin etdiklərinə nail oldu. Aleksandr qərara gəldi ki, hər şeyi öz yolu ilə etmək vaxtıdır. Usikin ətrafında məşqdən tutmuş şəxsi brendini inkişaf etdirməyə kimi əsas sahələrdə onu dəstəkləyən güclü komanda var. Qərar balanslaşdırılmış şəkildə qəbul edildi, hər şey münaqişəsiz keçdi. Hər iki tərəf bir-birinə hörmətlə yanaşdı və ayrı yollarla getdi”, – deyə Lapinin sözlərini “talkSport” sitat gətirib. Usik və Dyubua arasında ağır çəkidə mütləq dünya çempionu adı uğrunda ikinci döyüş iyulun 19-da Londonun “Uembli” stadionunda keçiriləcək.