Parisdə azərbaycanlı partizanların xatirəsi anılıb

26 İyun 2025 19:17 (UTC+04:00)

Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr edilimiş tədbir keçirilib. Tədbirdə Azərbaycanın, eləcə də Fransanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi ehtiramla yad edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, İkinci Dünya müharibəsində qazanılan qələbənin 80 illiyi münasibətilə keçirilən tədbirdə Fransa Müqavimət Hərəkatında bu ölkənin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış azərbaycanlıların xatirəsinə həsr edilmiş tədbir təşkil olunub və foto-sərgi açılıb.

Sərginin açılışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, səfirliyin hərbi attaşesi, polkovnik Cavid Abdullayev və Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlılarla bağlı araşdırmalar aparmış fransız tarixçi Aleksandr Vatan çıxış edərək, azadlıq və müstəqillik uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsini ehtiramla anıblar.

Səfir Leyla Abdullayeva və səfirliyin hərbi attaşesi polkovnik Cavid Abdullayev Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şanlı tarixi yoldan danışıb, İkinci Dünya müharibəsi dövründə azərbaycanlı partizanların Fransanın azad edilməsində müstəsna xidmətlər göstərdiyini qeyd ediblər. Bildiriblər ki, minlərlə azərbaycanlı yerli partizanlarla birlikdə Fransanın azadlığı uğrunda mübarizə aparıblar. Onlardan az qismi sağ-salamat doğma ölkəsinə qayıtsa da, əksəriyyəti Fransada dəfn olunub.

L.Abdullayeva səfirliyin Fransada dəfn olunan azərbaycanlı əsgərlərin döyüş yolu, onların kimliyi və məzarlarının müəyyən edilməsi istiqamətində aparılan araşdırmalardan, işlərdən danışıb.

Tarixçi A.Vatan Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yolundan bəhs edən kitabı haqqında məlumat verib.

Foto-sərgidə Fransa uğrunda mübarizə aparmış 10 azərbaycanlı ilə bağlı rəsmi sənədlər və məlumatlar nümayiş olunub. Onlardan üçünün – Əhmədiyyə Cəbrayılov, Xələf Hacıyev və İdris Həşimovun ilə üzvləri tədbirdə iştirak ediblər. Onlara sertifikat və medallar təqdim edilib.