Pensilvaniya və Boliviya Universitetinin arxeoloqlarından ibarət qrup Tiuanaku sivilizasiyasının əvvəllər naməlum olan məbəd kompleksini aşkar ediblər.
SİA-nın məlumatına görə, əsas yaşayış məntəqəsindən 215 km aralıda edilən kəşf bu qədim cəmiyyətin təsiri və təşkilatlanmasına yeni perspektivlər açır.
Boliviyada məşhur qədim Tiuanaku şəhərindən 215 km aralıda arxeoloqlar bu əsrarəngiz sivilizasiyaya aid böyük məbəd kompleksi aşkar ediblər.
...Antiquity jurnalı xəbər verir ki, kəşf İnkaların gəlməsindən çox əvvəl And dağlarında hökmranlıq edən və eramızın 1000-ci illərində müəmmalı şəkildə yoxa çıxan cəmiyyət haqqında yeni anlayışlar təqdim edir.
Palaspata adlanan xarabalıqlar üç mühüm qədim ticarət yolunun kəsişməsində strateji mövqe tutan təpənin üstündə yerləşir.
Bu marşrutlar Titikaka gölünün münbit torpaqlarını, Altiplanonun yüksək dağ otlaqlarını və Koçabamba vadilərini birləşdirirdi.
Kompleksin özü daxili həyətin ətrafında təşkil edilmiş 15 ayrı binadan ibarət, təxminən 125x145 metr ölçüdə böyük modul tipli binadır.
Ərazinin 3D modelini yaratmaq üçün alimlər peyk görüntülərindən və dron görüntülərindən istifadə ediblər. Məbədin memarlıq xüsusiyyətləri onu deməyə əsas verir ki, günəş bərabərliyi ilə bağlı ritualları yerinə yetirmək üçün istifadə olunub.
Qazıntı sahəsində arxeoloqlar ənənəvi qarğıdalı pivəsi olan çiçanın təntənəli şəkildə içilməsi üçün istifadə edilən “keru” adlı çoxlu keramika qab parçaları aşkar ediblər.
Qazıntıların rəhbəri, antropoloq Xose Kaprilesin sözlərinə görə, bu, Palaspatanın müxtəlif bölgələrdən olan insanların toplaşdığı mühüm dini və sosial mərkəz statusunu təsdiqləyir. Bu kəşf hətta yerli sakinlər üçün də sürpriz olub və səlahiyyətlilərin fikrincə, turizmin inkişafında mühüm rol oynaya bilər.
Əli Babayev