Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının XXX məzun buraxılışı Qərbi Azərbaycana ithaf olunub. SİA xəbər verir ki, “Məzun günü”nün iştirakçıları əvvəlcə Qubada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Ümummilli Liderin əziz xatirəsini hörmət və ehtiramla anıblar.
Qubadakı Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında yerləşən “Yaşıl teatr” da keçirilən tədbirdə filialın məzunları Qərbi Azərbaycan mahallarının adları ilə adlandıran qruplarla keçid ediblər.
ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev çıxışında bildirib ki, filialdan 10 ixtisas üzrə 300 tələbə məzun olur. Yusif Alıyev son 5 ildə filialda əldə edilən uğurlar, tələbə-məzunların nailiyyətləri, magistratura imtahanlarında göstərdikləri nəticələr, filialın elmi və beynəlxalq uğurları, əməkdaşlıqları haqqında məlumatları diqqətə çatdırıb. Bildirilib ki, son illərdə filiala qəbul dinamikasında yüksək bal toplayanlar ümumi qəbul faizinin təxminən 50 faizə qədərini təşkil edib.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova çıxışında məzunları və filialın kollektivini təbrik edərək bildirib ki, Pedaqoji Universitetin Quba filialı bölgə üçün ən dəyərli təhsil və elm ocağıdır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə əmin olduğunu qeyd edib ki, bu gün məzun olan 300 nəfərin hər biri öz həyat yolunda yüzlərlə şagirdi elmin müxtəlif sahələrinə istiqamətləndirəcək. Ə.Məhərrəmzadə Qubadan olan məzunların bu gün dünyanın ən mötəbər təşkilatlarında yeni texnologiyaların mütəxəssisləri kimi çalışdığını vurğulayıb.
Daha sonra Milli Məclisin deputatları Mahir Süleymanov, Azər Badamov, Müşfiq Məmmədli çıxış edərək ADPU-nun Quba filialının region üçün əhəmiyyətini vurğulayıb, təhsil və elmi istiqamətlərdə universitetin professor-müəllim heyətinin və tələbə-məzunlarının əldə etdikləri uğurları Azərbaycan təhsili üçün yüksək dəyərləndiriblər.
Tədbirdə filialın ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə sahib məzunlar Fəxri fərmanla təltif ediliblər.
Rəsmi hissədən sonra ADPU-nun Quba filialının XXX məzunları milli musiqi sədaları altında “Yaşıl teatr”ın səhnəsini dolaşaraq, salonda öz yerlərini tutublar.
"Məzun günü" rəqs və musiqi ifalarından ibarət bədii hissə ilə davam edib.