MEDİA Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı ilə təlim proqramı davam edir - FOTOLAR

26 İyun 2025 16:41 (UTC+04:00)

Medianın İnkişafı Agentliyi və“Euronews” telekanalının birgə təşəbbüsü ilə keçirilən və iyunun 23-dən start götürən “Rəqəmsal Jurnalistika” mövzusunda təlim proqramı uğurla davam edir. SİA xəbər verir ki, bugünkü təlimdə “Euronews” telekanalının Baş Sosial Media Redaktoru Fatih Yetim tərəfindən “Sosial media və youtube kanallarının idarə edilməsi” mövzusunda sessiya keçirilib. Təlim zamanı iştirakçılara sosial media platformalarının effektiv idarə olunması, rəqəmsal auditoriyanın analizi, kontent strategiyasının qurulması və video platformalar üçün uyğunlaşdırılmış xəbər istehsalı barədə ətraflı məlumat verilib.

Təlim müddətində peşəkar ekspertlərin rəhbərliyi altında gənc jurnalistlər, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə maraq göstərən sonuncu kurs bakalavr və magistratura tələbələri tərəfindən müasir media alətləri və jurnalistika metodologiyaları dərindən mənimsənilib. Tədris prosesi interaktiv formatda təşkil olunub, iştirakçılar aktual məsələlər və praktik tapşırıqlar üzərində çalışaraq öz bacarıqlarını inkişaf etdiriblər.