"İranın nüvə potensialına ciddi zərbə vurulub" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

26 İyun 2025 15:31 (UTC+04:00)

"12 günlük İran–İsrail və ya İran–Amerika müharibəsindən sonra bölgədə yaranmış vəziyyətin hüquqi statusu hələ də aydın deyil. Ortada atəşkəsinmi qüvvədə olduğu, sülh rejimininmi başladığı, yoxsa sadəcə olaraq hərbi əməliyyatlara müvəqqəti fasilənin verildiyimi — bu suallara dəqiq cavab tapmaq mümkünsüzdür". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, hazırkı mərhələni tam mənası ilə ‘qeyri-müəyyənlik mərhələsi’ kimi xarakterizə etmək olar. Vəziyyətin bu cür formalaşmasında əsas rol ABŞ-ın sabiq prezidenti Donald Trampın voluntarist — yəni şəxsi iradəyə əsaslanan — qərarlarının təsiri ilə bağlıdır: "Müharibənin ilkin mərhələsində İsrailin baş naziri Benyamin Netanyahu Trampın hərbi əməliyyatların dayandırılması ilə bağlı təklifini qəbul etmədi. Lakin sonradan bu təklifi qəbul edərək atəşkəsə razılıq verdi. Bununla belə, atəşkəsin elan olunmasından cəmi bir neçə saat sonra rejim pozuldu və daha sonra yenidən bərpa olundu. Ancaq bütün bu prosesləri hüquqi cəhətdən tənzimləyən konkret heç bir sənəd mövcud deyil.

Bu gün ortaya çıxan vəziyyətin nə hüquqi, nə də siyasi baxımdan aydın və konkret bir izahı var. Ortada imzalanmış heç bir razılaşma yoxdur və bu da ümumi mənzərədə qeyri-müəyyənlik yaradır. İran–İsrail münasibətləri isə hələ də uzun illərdir davam edən, tam həllini tapmamış ziddiyyətlər üzərində qurulub. Hər iki tərəfin iddiaları məlumdur, lakin münaqişənin əsas səbəblərinin aradan qalxdığını demək hələ tezdir.

İsrail və ABŞ hesab edir ki, İranın nüvə potensialına ciddi zərbə vurulub və ölkə zəiflədilib. Lakin Tehran bu yanaşmanı qəbul etmir və öz mövqeyini üstün sayır. Hazırkı vəziyyətə baxsaq, bölgədə yeni bir müharibənin başlamayacağına dair heç bir təminat yoxdur. Çünki əsas problem — İranın nüvə texnologiyasına sahib olmaq istəyi — hələ də aktual olaraq qalır.

Əgər İran nüvə enerjisinə dinc məqsədlərlə sahib olmaq hüququnu qazana və bu proses beynəlxalq hüquqi mexanizmlərlə tənzimlənə bilsə, o zaman regiondakı gərginlik müəyyən qədər azala bilər. Əks halda, İran və İsrail arasında növbəti hərbi toqquşma ehtimalı istisna olunmur. Hətta bu münaqişənin əvvəlkindən də daha dəhşətli olması mümkündür".