Mərkəzi Gömrük Hospitalında seminar keçirilib

25 İyun 2025 17:14 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalında rezident-həkimlər üçün peşəkar inkişaf və şəxsi dayanıqlıq bacarıqlarının artırılmasına həsr olunmuş “Peşəkar inkişaf və sağlam iş mühiti: PR, Marketinq və Stressin İdarə Edilməsi” mövzusunda seminar keçirilib.
Təlimdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının psixiatrı, t.ü.f.d. Gülay Məmmədzadə “İnsanlarla işləyən insanlar: streslə mübarizə üçün nələr edə bilərik?”, Mərkəzi Gömrük Hospitalının marketinq mütəxəssisi Gülü Məmmədova “Marketinq siyasəti ilə karyerada uğura doğru” və PR mütəxəssis Dilarə Zamanova “KİV-lərlə əməkdaşlıqda düzgün iş strategiyası” mövzusunda təqdimatla çıxış ediblər.
Seminarda müasir tibb mühitində effektiv ünsiyyət, hədəfli marketinq strategiyalarının karyera inkişafına təsiri və sağlam psixoloji mühitin qorunması kimi önəmli məsələlərə toxunulub. Məruzəçilər interaktiv təqdimatlar vasitəsilə iştirakçılarla bilik və təcrübələrini bölüşüb, auditoriyanın suallarını cavablandırıblar. Tədbirin sonunda seminar iştirakçıları bu cür maarifləndirici görüşlərin rezident-həkimlərin peşəkar və şəxsi inkişafında mühüm rol oynadığını vurğulayıblar.