"Ümumiyyətlə, ictimai nəqliyyata, o cümlədən marşrut avtobuslarına dair müəyyən tələblər var". Bu sözləri SİA-ya açıqlamasında nəqiyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.
O bildirib ki, bu tələblərdən biri də odur ki, avtobuslarda bütün fəsillər boyu normal havalandırma sistemi işlək vəziyyətdə olmalıdır. Qışda isitmə, yayda isə sərinlətmə sistemi mütləq işləməlidir və sərnişinlərin komfortunu təmin etməlidir.
Kondisionerlərin konkret tarixlərlə bağlı işləməsi şərt deyil. Məsələn, may ayında hava isti olarsa, kondisioner işləməlidir. Əgər iyul ayında hava sərin və 20°C-dirsə, ehtiyac yoxdursa, işləməyə bilər. Əsas məsələ sərnişinlər üçün komfortun təmin olunmasıdır. Bu, həm də ictimai nəqliyyatdan istifadəni stimullaşdıran faktorlardandır. Əgər şərait komfortlu deyilsə, insanlar ictimai nəqliyyatdan çəkinə bilərlər.
Kondisionerlərin işləməsinə nəzarət birbaşa sürücünün məsuliyyətindədir. Sürücü avtobusun bütün funksiyalarını idarə etməlidir. Amma bu nəzarəti təmin etməli olan əsas qurum avtobusu istismar edən şirkətdir. Şirkətin məsul şəxsləri mütəmadi olaraq nəzarət aparmalı, sərnişinlərin müraciətlərinə reaksiya verməlidirlər. Şirkət həmçinin texniki baxımdan avtobusları daim saz və işlək vəziyyətdə saxlamalıdır. Bu, onların birbaşa vəzifəsidir. Kondisionerlərin işləməsi yanacaq və enerji sərfiyyatına müəyyən qədər təsir edir. Məsələn:
- Dizel və ya sıxılmış qazla işləyən avtobuslarda kondisioner yanacaq sərfini az da olsa artırır.
- Elektriklə işləyən avtobuslarda isə enerji sərfiyyatı artır, bu da yürüş məsafəsinə təsir edə bilər.
Amma bu artım çox ciddi xərclərə səbəb olmur və əsas məqsəd sərnişinlərin komfortudur. Buna görə də, nəzarət qurumlarının daim diqqətli olması vacibdir".