Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Dövlət Bayrağı Muzeyində “Zəfər Qalereyası”nı ziyarət edib. SİA xəbər verir ki, 25 iyun 2025-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri - t.ü.f.d. İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev və əməkdaşlar 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Dövlət Bayrağı Muzeyini ziyarət edərək bayrağımız və hərbi tariximizə dair eksponatlarla yaxından tanış olublar.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti muzeyin “Zəfər Qalereyası” adlı xüsusi zalını diqqətlə izləyərək, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaət, şəhidlərimizin qəhrəmanlığı və Müzəffər Ordumuzun qazandığı tarixi Qələbəni əks etdirən ekspozisiyalarla yaxından tanış olublar. Zəfər ruhunu əks etdirən bu bölmədə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən mübarizənin hər mərhələsi sənədli materiallar, fotoşəkillər və tarixi eksponatlar vasitəsilə geniş təqdim olunub.
Qalereyada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda Dövlət Bayrağının ucaldılması anlarını və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın fotolarını əks etdirən ekspozisiyalar xüsusi maraq doğurub. Burada, həmçinin Ümummilli Lider Heydər Əliyevə həsr olunan xatirə medalları və poçt markaları, dövlətimizin ali orden və medalları, Vətən müharibəsinə həsr olunmuş mükafatlar və dünyanın ən uca zirvələrində qürurla dalğalanan Dövlət Bayrağımız da nümayiş etdirilir.
Muzeyin bələdçisi nümayəndə heyətinə Dövlət Bayrağı Muzeyinin yaranma tarixi, fəaliyyəti və burada sərgilənən eksponatlarla bağlı ətraflı məlumat verib. Tədbirin sonunda ziyarət proqramı çərçivəsində Dövlət Bayrağı Muzeyinin kino zalında “Azərbaycan Ordusu – Güc və Qürur Mənbəyimiz” adlı sənədli filmin nümayişi olunub. Film vasitəsilə ziyarətçilərə müasir Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu, Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələri və hərbi gücümüzün milli qürur mənbəyi kimi rolu əyani şəkildə təqdim edilib.