Gənc müəllimlərin roluna həsr olunmuş forum keçirilib - FOTOLAR

25 İyun 2025 13:23 (UTC+04:00)

İyunun 25-də Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Mirasa sahibik: Qərbi Azərbaycan Konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” adlı forum keçirilib. AGMA-dan SİA-ya bildirilib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən forumda dövlət rəsmiləri, Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri, təhsil ictimaiyyətinin nümayəndələri və 300-dən çox müəllim iştirak edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının dövlət siyasətindəki yeri və bu istiqamətdə gənc müəllimlərin üzərinə düşən vəzifələri vurğulayıblar.

Rəsmi açılışdan sonra forum işini panellərlə davam etdirib.

“Ali təhsil və elmi tədqiqatlarda Qərbi Azərbaycan” mövzusuna həsr olunmuş I panelə ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə moderatorluq edib. Müzakirələrdə Milli Məclisin Gənclər və idman komitəsinin və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayılov, İcmanın sədri Məlahət İbrahimqızı, İcmanın İdarə Heyətinin üzvü Nazim Mustafa və Elm üzrə prezident mükafatçısı (2015-ci il) Elnur Həsənov iştirak ediblər.

İkinci panel “Ümumi təhsildə Qərbi Azərbaycan” mövzusuna həsr olunub. Moderator qismində çıxış edən Pərvinə Qədimova ilə yanaşı paneldə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor müavini Fuad Çıraqov, müəllimlər Flora Osmanova və Ramil Tanrıverdi çıxış ediblər.

Ardınca “Qərbi Azərbaycana Qayıdış” olimpiadası haqqında videoçarx nümayiş etdirilib və müsabiqənin cari il üzrə qalibləri mükafatlandırılıblar.

Tədbir bədii hissə ilə davam edib.

Forumun yekununda tədbirin qətnaməsi səsləndirilib.