Fövqəladə halların nəticələrinin aradan qaldırılmasına dair məsələlər müzakirə edilib - FOTOLAR

25 İyun 2025 12:57 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də, xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda dəyirmi masa təşkil olunub. Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən SİA-ya verilən məlumata görə, dəyirmi masada çıxış edənlər fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıb, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, eləcə də, yanğın və texniki təhlükəsizlik qaydalarının tələbləri barədə ətraflı məlumat veriblər.

Tədbirdə Aran Regional Mərkəzinin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, bu istiqamətdə icra strukturları ilə mərkəz arasındakı qarşılıqlı səmərəli fəaliyyətin vacibliyindən danışılıb.

Dəyirmi masada mərkəzin əməkdaşları tərəfindən regionda müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş etdirilib, suallar cavablandırılıb.