"Bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycan cəmiyyətində də sağlamlıq imkanı məhdud olan insanlar var və bunlar təqribən 600 min ətrafındadır. Onların da təqribən 60-70 min nəfəri 18 yaşa qədər olan uşaqlar və yeniyetmələrdir". Bu sözləri sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında deyib.
O bildirib ki, son dövrlərdə Azərbaycanda bu kateqoriyadan olan insanlar üçün dövlət dəstək proqramları həyata keçirilir. 2015-ci ildə tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri qəbul olunub və Azərbaycan 2016-cı ildə bu məqsədlərə qoşulub. Bu məqsədlərin əsas fəlsəfəsi "heç kəs kənarda qalmasın" prinsipidir.
Azərbaycan bu prinsiplərə uyğun olaraq inklüziv cəmiyyət quruculuğu istiqamətində mühüm addımlar atıb. Bu addımlar təhsil, səhiyyə, reabilitasiya, məşğulluq və sosial dəstək sahələrini əhatə edir. Hətta 2 fevral 2021-ci ildə qəbul edilən “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişaf Strategiyası”nda da 5 prioritetdən biri məhz sosial ədalət və inklüziv cəmiyyətin qurulmasıdır.
Bununla belə, problemlər qalır. Xüsusilə, bəzi valideynlər övladlarını cəmiyyətdən gizlədir, təhsildən yayındırır. Halbuki bu uşaqları təhsilə və cəmiyyətə inteqrasiya etmək, onların sosial hüquqlarını təmin etmək vacibdir. Təəssüf ki, bəzi valideynlər verilən sosial müavinətləri uşağın inkişafına yönəltmir. Bu isə ciddi narahatlıq doğurur.
İnklüzivlik yalnız məktəblə bitmir. Küçələr, parklar, ictimai yerlər, inzibati binalar və yaşayış binaları da inklüziv olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni binaların inklüzivlik meyarlarına uyğun olub-olmamasına dair rəyvermə səlahiyyəti verilməlidir. Eyni zamanda, inklüziv yaradıcı mərkəzlərin bölgələrdə də açılması vacibdir. Heydər Əliyev Fondu bu sahədə artıq işlər görüb, lakin bu fəaliyyət genişləndirilməlidir.
Sonda qeyd edim ki, inklüzivlik sahəsində dövlətin iradəsi ortadadır, sosial rifah dövlətinin qurulması yolunda əhəmiyyətli addımlar atılır. Amma bu işdə həm də cəmiyyət, valideynlər və təhsil müəssisələri birgə çalışmalıdır. Proflaktik və preventiv tədbirlər də vacibdir. Əgər bu istiqamətdə işlər davamlı aparılarsa, sağlamlıq imkanı məhdud insanların sayı perspektivdə azala bilər və onların cəmiyyətə inteqrasiyası daha uğurlu olar".