Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin rütbəsini artırıb. Dövlət başçısının Sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimova general-mayor ali hərbi rütbəsi verilib. SİA xəbər verir ki, Mürsəl İbrahimov 20 sentyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Bakı şəhəri, 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olub, 1992-ci ildə mühəndis ixtisası ilə ali təhsilini başa vurub. 1997-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1992-ci ilin avqust ayında Daxili İşlər Nazirliyinə xidmətə qəbul olunaraq, nazirliyin qurumlarında, o cümlədən Daxili Təhqiqatlar İdarəsinin əməliyyat, ərizə və şikayətlər şöbələrində müxtəlif vəzifələrdə xidmət keçib.
2006-cı ilin sentyabr ayından xidməti Milli Təhlükəsizlik Nazirliyində (Dövlət Təhlükəsizliyi Xidməti) davam etdirib, İnspektorluq İdarəsində müxtəlif zabit, şöbə rəisi vəzifələrində xidmət keçib. 2008-ci ilin aprel ayında həmin idarənin rəis müavini, 2011-ci ilin may ayından isə nazirliyin Kadrlar Baş İdarəsinin rəis müavini vəzifələrində xidmətini davam etdirib.
2015-ci ilin noyabr ayında öz arzusu ilə polkovnik rütbəsində təhlükəsizlik orqanlarının ehtiyatına buraxılıb. 2016-2023-cü illər ərzində "Kapital Bank" ASC-nin Təhlükəsizlik Departamentinin direktoru vəzifəsində işləyib.
Azərbaycan Prezidenti İlham Əliyevin 17 aprel 2023-cü il tarixli Sərəncamına əsasən Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 2015-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.