Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib - FOTOLAR

25 İyun 2025 10:50 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfəri çərçivəsində iyunun 24-də Almaniya Bundestaqının Xarici siyasət Komitəsinin sədri Armin Laşetlə görüşüb. SİA xəbər verir ki, görüş zamanı dinlərarası dialoq, birgəyaşayış ənənəsinin təşviqi ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan və Almaniya arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini sahəyə qayğı, dini icmalara dövlət tərəfindən göstərilən dəstək və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. İrqçiliyin və ayrı-seçkiliyin qarşısının alınmasında tolerantlıq ənənələrinin mühüm rol oynadığını vurğulayan Ramin Məmmədov ölkəmizdə dinlərarası harmoniyanın unikal nümunəsinin mövcud olduğunu bildirib. Azərbaycanda xristian almanların irsinə göstərilən diqqətin multikulturalizm siyasətini təcəssüm etdirdiyini qeyd edib.

Bundestaqın Xarici siyasət Komitəsinin sədri Armin Laşet ölkəmizə səfərini xatırladaraq, bütün dinlərin nümayəndələrinin Azərbaycanda bir ailə kimi yaşamasının şahidi olduğunu vurğulayıb. Ölkəmizdə alman irsinə qayğını yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. A.Laşet bu faktı Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə əsaslanan birgəyaşayış modelinin ən yaxşı nümunələrindən birini təqdim edən ölkə olduğunun təsdiqi kimi dəyərləndirildiyini deyib.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev səfərin məqsədi barədə ətraflı məlumat verib. Qeyd edib ki, iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələr bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə imkan yaradır. Səfir bildirib ki, Azərbaycan müxtəlif konfessiyaların qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkələrdən biri kimi tanınır.

ABŞ-nin Simon Vizental Mərkəzinin sədr müavini ravvin Abraham Kuper isə dinlər və mədəniyyətlərarası dialoqun inkişafının əhəmiyyəti barədə fikirlərini bildirib. Dini tolerantlığın təşviqi məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.