Yevlaxdakı yeni pilot aqroparkda “ağıllı” idarəetmə sistemi tətbiq olunur - FOTOLAR

24 İyun 2025 14:39 (UTC+04:00)

Yevlaxda yeni istifadəyə verilən pilot aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır. SİA xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımovun verdiyi məlumata görə, ümumi sahəsi 2807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan aqropark İqtisadiyyat Nazirliyinin “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” layihəsi çərçivəsində yaradılıb. Rezidentlər aqroparkda dövlət vəsaiti hesabına zəruri infrastrukturla - su, enerji, qaz və yolla təmin ediliblər. Həmçinin Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditindən faydalanıblar.

Səmərəliliyin artırılması üçün aqroparkda “ağıllı” idarəetmə sistemi tətbiq olunur. Bu məqsədlə əkin aparılan bağlarda iqlim stansiyaları, xüsusi kameralar və torpaq nəmlik sensorları qurulub. Aqroparkda 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda 21 rezident tərəfindən həyata keçirilən layihələr çərçivəsində burada meyvə, meyvə tingi, damazlıq yumurta, taxıl məhsulları istehsal olunur. Məhsulların daxili bazarla yanaşı, ixracı da nəzərdə tutulur.

“Rezidentlər tərəfindən bu günədək aqroparka 57 milyon manatadək investisiya yatırılıb, 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradılıb", - deyən Elçin Kazımov bildirib ki, aqroparkın konsepsiyasına uyğun olaraq, intensiv meyvə bağlarının salınması, heyvandarlıq, quşçuluq və əkinçilik təsərrüfatlarının, həmçinin sənaye zonasında emal sahələrinin və logistik mərkəzin yaradılması ilə özəl investisiyaların 100 milyon manata çatdırılması, 500 daimi və 1000-dən çox mövsümi iş yerinin yaradılması nəzərdə tutulur. Görülən işlərin davamı olaraq sənaye zonasında logistik mərkəz, emal müəssisələri, eləcə də heyvandarlıq kompleksi və məhsulların topdansatış bazarı da yaradılacaq.

Aqroparkın ərazisinin 1185 hektarını çoxillik əkin, 1298 hektarını birillik əkin, 141 hektarını sənaye zonası, 183 hektarını isə kommunikasiya xətləri və mühafizə zolaqları təşkil edir. Aqroparkın ərazisində “Azerbaijan company for poultry development” MMC və “İSFA” MMC fəaliyyət göstərir.

Xatırladaq ki, iyunun 23-də Prezident İlham Əliyev Yevlax pilot aqroparkının açılışında iştirak edib.