Tramp dünyanı “fəlakət laboratoriyası”na çevrir...

24 İyun 2025 12:50 (UTC+04:00)

“Hazırda dünyada beynəlxalq hüquq və norma deyilən kağız parçası da mövcud deyil”

“Artıq bütün dünyada hər kəsə gün kimi aydındır ki, İsrailin İrana hücumu, hazırda “atəşkəs” elan edilmiş qanlı müharibə ssenarisi məhz ABŞ-ın “yastığının altından” çıxıb. Çünki ABŞ prezidenti Donald Tramp son bir həftə ərzində Tehran və Təl- Əviv arasındakı müharibədə əsl siyasi dirijor çubuğu kimi çıxış edir və bütün hərəkətləri ilə Yaxın Şərq üçün qanlı planlar hazırlandığını təsdiqləyir. Ümumiyyətlə, son illər ABŞ-da hazırlanan planlar qanlı-qadalı müharibələrlə ortaya çıxarılır. Co Baydenin on minlərlə insanın ölümünə səbəb olan və bu gün də davam edən Ukrayna fəlakətini göstərmək kifayətdir”.
Bu fikirləri jurnalist-ekspert Mətləb Salahov SİA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Ağ Evdə Yaxın Şərq üçün yeni xəritə hazırlanıb və bu plan “fəlakət laboratoriyası” formasında reallaşdırılır. M.Salahov qeyd edib ki, hakimiyyətə gəldiyi gündən dünyada sülh manifesti ilə çıxış edən D.Tramp, bu gün dünyanı qan-qadaya salıb gedən sələfi C.Baydendən heç nə ilə fərqlənmir.
Bu yırtıcı biznesmen beynəlxalq qaydaları təpikləyib dünyaya hökm edən “ağa” çıxış etmək istəyir. Vladimir Putinlə əməkdaşlıq edib, Avropa liderlərini aşağılayan D.Tramp, Volodimir Zelenskini Ağ Evdə “qaralasa” da, sonda heç nə onun istədiyi kimi olmadı. Bütün bu iddiaları boşa çıxan D.Tramp, öz hökmranlığını sübut etmək üçün İran-İsrail müharibəsinə düymə basdı.
Açıq-aydın ortada olan fakt budur ki, hazırda dünyada beynəlxalq hüquq və norma deyilən kağız parçası da mövcud deyil. Ağ Ev sahibi əlindəki supergüc dövlət resursları ilə Yaxın Şərqdə yeni nizam yaratmağa, İran, Türkiyə kimi bölgə güclərinin mövqelərini neytrallaşdırmağa çalışır.
Bu, sözün əsl mənasında “fəlakət laboratoriyası”dır. Bu müharibənin təsirləri bütün bölgəni və dünyanı tezliklə ağuşuna alacaq. Burası dəqiq belədir. Çünki həttda bu “atəşkəs” illərlə sürsə belə, bu müharibədən sonra heç nə əvvəlki kimi olmayacaq. İranın nüvə arsenalına endirilən dağıdıcı zərbələrdən sonra sızma xəbərləri isə ətraf ölkələr üçün ölümcül radiasiya təhlükəsi deməkdir. Təkcə bu faktın özü min dəfə müharibədən ağır və ölümcül nəticələr deməkdir.
Beləcə, bütün dünya yırtıcı biznesmenin hoqqalarını “acı tamaşa” kimi izləməklə məşğuldur. “Tamaşanın” sonu isə pərdə bağlananda bilinəcək..”