"İri marketlərdə tez-tez belə hallarla qarşılaşırıq" - EKSPERT ŞƏRH ETDİ

24 İyun 2025 12:32 (UTC+04:00)

"İri marketlərdə tez-tez belə hallarla qarşılaşırıq. Banan qaralır, pomidor yumşalır, balıq məhsullarının son istifadə tarixi yaxınlaşır və qiymət endirilir. Bu hallar bəzən qida israfının qarşısını almaq baxımından müsbət qiymətləndirilsə də, bütün hallarda təhlükəsiz deyil". Bu sözləri SİA-ya açıqlamasında Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, marketdə bananlar qaralıb, 50% endirimlə satılır. Bu hal görünüş baxımından pis görünsə də, banan hələ də istehlak üçün yararlı ola bilər. Təbii yetişmə prosesi nəticəsində qaralmış meyvələr, məsələn banan, avokado çox zaman təhlükəli olmur. Əgər bu məhsullar düzgün saxlanılıbsa və kiflənməyibsə, təhlükə yaratmır. Amma pomidor, xiyar kimi məhsullar çürüməyə başlayıbsa və ya pis qoxu verirsə, endirimli satılması qida təhlükəsizliyi prinsiplərinə ziddir: "Çünki bu növ tərəvəzlər mikrobioloji çirklənməyə daha açıqdır və orqanizmdə zəhərlənməyə səbəb ola bilər.Balıq məhsulları isə ayrı bir problemdir. Son istifadə tarixinə yaxın endirimli satış təhlükəlidir. Praktikada dondurulmuş balıq paketlərinin üzərində bitmə tarixi "bu gün" yazılıb və 70% endirimlə satılır. Belə halda deyə bilərəm ki, əgər bu məhsullar soyuq zəncir pozulmadan saxlanılıbsa, bu gün axşama qədər istifadə oluna bilər. Ancaq bu zəncir pozulubsa, yəni məhsul bir dəfə əridilib sonra yenidən dondurulubsa, ciddi mikroorqanizm çirklənməsi riski var. Bu, salmonella və ya listeria kimi bakteriyalarla zəhərlənməyə gətirib çıxara bilər.

İstehlakçı olaraq ən əsas vəzifələrimizdən biri etiketləri yoxlamaq və oxumaqdır. Son istifadə tarixi ilə yanaşı istehsal tarixi və saxlama şərtlərinə diqqət etməliyik. Pis qoxulu, yapışqanlı, kifli məhsul endirimli olsa da qətiyyən alınmamalıdır. Əgər açıq-aşkar xarab məhsul satışdadırsa, bu barədə market rəhbərliyinə bildirmək lazımdır. Əgər məhəl qoymazsa, AQTA-nın 1003 qaynar xəttinə məlumat verməlisiniz. Hətta şəkil və ya video çəkin, sosial şəbəkələrdə paylaşın. Bu hal ictimai qınaq yaradır və məsuliyyət hissini artırır.

Endirimli satış yalnız təhlükəsiz və nəzarətli şəraitdə edilərsə, həm israfın qarşısını alar, həm də vətəndaşa xeyirdir. Amma xarab məhsulların ucuz satılması vətəndaşın sağlamlığına birbaşa təhdiddir və qanunla qadağandır".