"Bilirik ki, Azərbaycan Respublikasında 2022-2026-cı illər üçün ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası təsdiq edilib. 2023-cü ildən başlayaraq ali məktəbə qəbul sayında ciddi artım var. Əgər 2022-ci il daxil olmaqla əvvəlki illərdə hər il 45 min tələbə ali məktəblərə qəbul edilirdisə, artıq bu il 63 mindən artıq tələbənin qəbul olunacağı gözlənilir. Bunun 75 minə çatdırılması hədəflənib". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
O bildirib ki, bundan 5-6 il öncə Azərbaycanda hər yüz tələbədən təqribən 70-i ödənişli təhsil alırdısa, hal-hazırda bu, 40-ın üzərindədir: "Eyni zamanda dövlət sifarişi ilə olan yerlərin sayında bir neçə dəfə artım olub. Bununla yanaşı təhsil-tələbə krediti fondu ödənişli təhsil alanlarla bağlı böyük sosial platformaya çevrilib.
Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da ödənişli təhsilin zamanla dövlət sifarişi üzrə təhsillə əvəz olunması qarşıya qoyulmuş hədəflərdən biridir. Yaxın gələcəkdə təhsilin dövlət hesabına və dövlət sifarişi ilə olmasına tamamilə keçid gözlənilir. Düşünmürəm ki, təhsil dövlət hesabına və ya dövlət sifarişi ilə olarsa, keyfiyyətli təhsildir. Yəni universitetlər hər bir təhsilalana düşən maliyyə normativlərinə uyğun olaraq maliyyələşir. Biz elə bilirik ki, o, ödənişsizdir, amma dövlət hər bir tələbə üçün müəyyən olunmuş ödənişi universitetlərin, təhsil müəssisələrinin hesabına köçürür. Ona görə də, bu, təhsilalan üçün pulsuzdur. Amma universitet pulsuz təhsil həyata keçirmir. 2011-ci ildən başlayaraq artıq hər bir tələbə üçün müvafiq ixtisasa uyğun olaraq Nazirlər Kabineti hansı ixtisas üzrə ödəniş haqqının nə qədər olduğunu müəyyən edir. Dövlət hər tədris ilində tələbələrin sayına görə ixtisasa uyğun olaraq həmin vəsaiti universitetlərin hesabına köçürür.
Keyfiyyət məsələsi tamamilə ayrı anlayışdır. Çox təəssüflər olsun ki, bizim ali təhsil müəssisələri reytinq yarışmasına çıxıb. Ayrı-ayrı biznes platformalarında, guya, reytinq sistemində müəyyən yerləri tutmaq üçün çalışırlar. Amma ali təhsil müəssisələrinin əsas işi elmi araşdırmalar və kadr hazırlığıdır. Bu gün ali təhsil müəssisələrinin böyük əksəriyyəti bugünkü və sabahkı əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlaya bilmir. Bu, reallıqdır. Ali məktəbi bitirənlər nə öyrənirlərsə, ancaq praktikada öyrənirlər. İkinci ən böyük faciəvi hal odur ki, bizim ali təhsil müəssisələrimizdə elmi araşdırmalar aparılmır".