Son illərdə maliyyə sektorunda müşahidə olunan əsas dəyişikliklərdən biri istehlakçıya yönəlik və texnologiya əsaslı yanaşmaların dominantlıq etməsidir. SİA xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.
"Bu gün banklar artıq yalnız maliyyə institutları kimi deyil, həm də rəqəmsal xidmət təminatçıları rolunu oynayırlar. Süni intellekt, blokçeyn texnologiyası, açıq bankçılıq və big data analitikası kimi innovasiyalar, həm xidmət keyfiyyətini artırır, həm də rəqabətə yeni nəfəs verir. Bu innovativ yanaşmalar bank sektorunda rəqabət mühitini daha da dərinləşdirir, fintex şirkətlərinin bazara girişini asanlaşdırır və ən əsası müştəri mərkəzli xidmət modelini sürətləndirir. Bu gün bankçılıq yalnız “filial mərkəzli” deyil, “platforma əsaslı” və “əlaqələndirilmiş ekosistem yönümlü” bir modelə çevrilməkdədir. Bu isə həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə maliyyə sabitliyini, innovasiya səviyyəsini və dayanıqlılığı artırır", - deyə o qeyd edib.