Gənclər Fondu gənclər və gənclər təşkilatları üçün “Konstitusiya və Suverenlik İli” çərçivəsində layihə təklifləri üzrə qrant müsabiqəsi elan edir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Gənclər Fondunun mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin məqsədi Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı gənclərin dövlətçilik dəyərlərinə sadiqliyinin möhkəmləndirilməsi, onların dövlətin hüquqi və suveren əsaslarına dair biliklərinin artırılması, konstitusiya prinsiplərinə əsaslanan layihələrin dəstəklənməsi və bu istiqamətdə ictimai təşəbbüslərin stimullaşdırılması vasitəsilə “Konstitusiya və Suverenlik İli”nin ideya və mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasını təmin etməkdir.
Azərbaycan vətəndaşı olan 18-29 yaş arası gənclər və gənclər təşkilatları iyunun 23-dən iyulun 10-dək layihə təkliflərini təqdim edə bilərlər. Layihə müraciətləri yalnız fondun rəsmi saytının E-xidmətlər Sistemi vasitəsilə elektron qaydada qəbul edilir.
Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamaq şərtilə müəyyən edilməlidir. Fiziki şəxslərin fərdi layihələri üçün müraciət məbləğinin dəyəri 5 min manatdan, gənclər təşkilatlarının yerli layihələr üzrə müraciət məbləğinin dəyəri 10 min manatdan, beynəlxalq layihələr üzrə 15 min manatdan çox olmamalıdır. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.
Müraciət zamanı layihənin təsviri, təqdimatı, maliyyə əsaslandırması (büdcə planı) və ilkin tədbirlər planı hazırlanaraq sistemə yüklənməlidir. Hər bir müraciətçi yalnız bir layihə təqdim etmək hüququna malikdir.
Qrant müsabiqəsi haqqında daha ətraflı məlumatı linki vasitəsilə əldə etmək olar.