İKT sahəsində qadın liderlərlə interaktiv görüş

23 İyun 2025 18:51 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Femmes Digitales” - “Texnologiyalar sahəsində Qadınlara Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Süni intellekt gündəlik həyatımızda və işimizdə” mövzusunda interaktiv görüş keçirilib.

SİA-nın məlumatına görə, mərkəzdən bildirilib ki, Elm və sənaye 4.0-ın formalaşdırılması, süni intellektin gündəlik həyat və iş fəaliyyətindəki praktiki imkanlarını müzakirə etmək və qarşılıqlı bilik mübadiləsinə şərait yaratmaq məqsədilə keçirilən görüşdə akademik dairələr, dövlət və özəl sektorun müxtəlif sahələrində çalışan 30-a yaxın qadın iştirak edib.

“Femmes Digitales” - “Texnologiyalar sahəsində Qadınlara Dəstək” İctimai Birliyinin baş katibi Səyyarə Hüseynova və 4SİM-in Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva bu cür görüşlərin rəqəmsal transformasiya dövründə qadın mütəxəssislər üçün biliklərini artırmaq və şəbəkələşmək baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Qeyd edilib ki, süni intellekt təkcə texnoloji deyil, həm də sosial transformasiyanın mühüm bir hissəsidir və bu prosesdə qadın liderlərin fəal iştirakı gələcəyin formalaşmasında, görülən işlərin effektivliyinin artırılmasında vacib rol oynayır.

Kembric Universitetinin Təhsilin gələcəyi üzrə məhsul rəhbəri Nayl Maknalti təqdimatla çıxış edərək, gündəlik işlərdə süni intellektin səmərəli istifadəsi və konkret alətlərlə bağlı praktiki nümunələr paylaşıb. O, süni intellektin tədqiqat, analitika və məzmun istehsalı proseslərini asanlaşdıraraq, sahibkarların və rəhbər şəxslərin qərarvermə keyfiyyətini artırdığına diqqət çəkib.

“Trenders” yerli marketinq şirkətinin süni intellekt mütəxəssisi Ümid Salay bildirib ki, süni intellekt yalnız bir vasitə deyil, eyni zamanda, yaradıcı və analitik proseslərdə "fikirləşən tərəfdaş" rolunu oynayır. O, “Prompt Engineering” (sorğu mühəndisliyi) texnikasının vacibliyini izah edərək, düzgün yazılmış sorğuların Sİ-dən yüksəkkeyfiyyətli cavablar almaqda əsas rol oynadığını vurğulayıb. Ümid Salay, həmçinin təqdimatda süni intellektin inkişaf mərhələləri, süni intellekt agentlərinin yaradılması, generativ süni intellekt alətləri və onların istifadə sahələri, eyni zamanda, real keyslər və praktiki nümunələr barədə çıxış edib.

Görüş zamanı spikerlər iştirakçıların suallarını cavablandırıblar.