"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyə səfəri, xüsusilə də Qəhrəmanmaraşda Azərbaycan məhəlləsinin açılışı, iki dövlət arasında münasibətlərin inkişafı baxımından çox böyük əhəmiyyət daşımaqdadır. Nəzərə almaq lazımdır ki, Türkiyə-Azərbaycan münasibətləri təkcə dövlətlərarası münasibətlər deyil, eyni zamanda xalqlar arasında da dərin və səmimi bağların mövcud olduğunun göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Azərbaycanın atdığı bütün addımlarda Türkiyənin maraqlarını nəzərə alması, bu maraqları qoruyacaq mövqe sərgiləməsi prinsipial məsələdir – həm Azərbaycan, həm də Türkiyə baxımından: "Çünki bu münasibətlər yalnız siyasi deyil, eyni zamanda mədəni, tarixi və sosial əsaslara dayanır. Bu baxımdan Prezidentin səfəri və xüsusilə Qəhrəmanmaraşda azərbaycanlılar tərəfindən tikilmiş məhəllənin açılması xüsusi əhəmiyyət kəsb edir. Bu, sadəcə bir yardım deyil, qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Biz bu addımı yalnız humanitar yardım kimi deyil, eyni zamanda dəyərlərin, bağlılığın və birliyin rəmzi kimi qiymətləndirməliyik.
İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyi nəzərə alsaq, bu gün Azərbaycan tərəfindən göstərilən dəstək tam təbiidir və qarşılıqlı qardaşlıq münasibətlərinin davamıdır. Prezident İlham Əliyevə göstərilən isti münasibət, istər rəsmi, istərsə də xalq səviyyəsində olan səmimi rəğbət, Azərbaycan dövlətinə və xalqına olan ehtiramın ifadəsidir. Çünki hər kəs bilir ki, Azərbaycan dövləti və xalqı həmişə Türkiyənin yanındadır – istər çətin gündə, istərsə də yaxşı gündə. Bu səfər də bir daha onu sübut edir ki, biz təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də örnək olacaq bir birlik nümayiş etdiririk. Azərbaycanın bu səfəri və göstərdiyi münasibət gələcəkdə də bir-birimizin yanında olacağımızın rəmzidir".