"Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır" - ŞƏRH EDİLDİ

23 İyun 2025 15:22 (UTC+04:00)

"Bu gün Türkiyə və Azərbaycan xalqlarının bir yumruq kimi həmrəy olması, dar gündə, xoş gündə bir yerdə olması sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Azərbaycan və Türkiyənin maraqlarının uyğun olması, ən önəmlisi isə hər iki dövlətin vətəndaşlarının böyük hissəsinin eyni etnik qrupa sahib olması, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr iki qardaş ölkənin bir mövqedən çıxış etməyə, bir-birilə sıx əlaqələr qurmağa vadar edir: "Xüsusilə, çətin anlarda iki qardaş ölkənin bir-birinə dəstək olması hər kəs tərəfindən qəbul olunan bir həqiqətdir.Türkiyədə baş vermiş zəlzələdən sonra dövlətimiz tərəfindən atılan addımlar da bu birlik və həmrəyliyin bariz nümunələrindən biridir.

Bildiyimiz kimi, 2023-cü ilin fevralında Türkiyədə baş verən zəlzələ ölkənin cənub-şərqində böyük fəlakətlərə yol açdı. Əsrin faciəsi adlandırılan bu zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı Azərbaycanın Türkiyəyə göstərdiyi yardım qardaşlıq və dostluq münasibətlərinin ən gözəl nümunəsi kimi səciyyələndirilə bilər.

Azərbaycan ilk gündən axtarış-xilasetmə məqsədilə Türkiyəyə xilasetmə mütəxəssisləri göndərdi. Həmin xilasedicilər Kahramanmaraşda və zəlzələdən ziyan görmüş, dağıntılara məruz qalmış ətraf ərazilərdə böyük şücaət, fədakarlıq göstərdilər. Onlar dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxardılar. Azərbaycanlı heyətdən 114 nəfər daha sonra Hatay şəhərində də xilasetmə işlərində aktiv iştirak etdi. Kahramanmaraşda yaradılan iki səhra xəstəxanasında 41 həkim və səhiyyə işçisi dayanmadan çalışdılar. Azərbaycan nümayəndə heyətinin tərkibində olan psixoloqlar yerlərdə zəlzələdən zərər çəkənlərə dəstək oldular. Xəstəxanalarda, o cümlədən cərrahiyyə xidməti və laboratoriyada zəlzələdən zərər çəkmiş təxminən 2 500 insana sağlamlıq xidmətləri və psixososial dəstək göstərildi. Azərbaycandan gələn heyət Kahramanmaraş və rayonlarında 10 yerdə çadır şəhərcikləri yaratdılar.

Bu dəstəyin ən mühüm nümunələrindən biri isə Kahramanmaraş vilayətində inşa edilən “Azərbaycan” məhəlləsi oldu. Bu məhəllənin tikintisi Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilib və layihə təkcə yaşayış və ticarət obyektləri ilə məhdudlaşmır. Burada, həmçinin məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi, məscid və digər sosial obyektlər də tikilir. Burada inşa edilən məktəbə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı verilib".

"Tam məsuliyyəti ilə deyə bilərik ki, “Azərbaycan” məhəlləsinin tikintisi ilə bağlı ölkə başçısının təşəbbüsü bir daha sübut etdi ki, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq sadəcə sözlərdə deyil, real addımlarda da özünü göstərir. Şübhəsiz ki, bu kimi təşəbbüslər və layihələrin icrası ölkələrimiz arasında dostluğun, əməkdaşlığın gələcək nəsillərə ötürülməsində də olduqca mühüm rol oynayır. Elə ölkə başçısı da “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışı zamanı Azərbaycanın hər zaman Türkiyənin yanında, Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğunu vurğuladı və bu gün Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılışının bizim birliyimizin, dostluğumuzun təzahürü olduğunu qeyd etdi. Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin təkcə bölgəmiz üçün deyil, dünya çapında önəmli faktor olduğunu vurğulayan dövlətimizin başçısı öz çıxışında tarixi Şuşa Bəyannaməsinin də birlik və müttəfiqliyimizin möhkəmləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırdı" - deyə o, əlavə edib.