Ağlamaq: qadınlara olar, kişilərə yox? - ARAŞDIRMA

23 İyun 2025 15:06 (UTC+04:00)

“Kişilər ağlamaz” fikri elə-belə ortaya çıxmayıb. Bu, illərlə davam edən tarixi, mədəni və sosial təsirlərin nəticəsində formalaşmış bir cəmiyyət düşüncəsidir. Əvvəlcə bu fikirin hardan qaynaqlandığını başa düşmək lazımdır. SİA mözu ilə bağlı araşdırma aparıb.

Kişilər ağlamaz?

Keçmişdə, xüsusilə qədim dövrlərdə, kişilərin əsas vəzifəsi ailəni qorumaq, ov etmək, döyüşmək, çətinliklərə sinə gərmək idi. O vaxtlar cəmiyyət kişidən fiziki və psixoloji cəhətdən sərt və dözümlü olmağı tələb edirdi. Ağlamaq isə zəiflik kimi görülürdü. Çünki düşmən qarşısında zəif görünmək təhlükə yaradırdı. Məhz buna görə də kişi emosiyalarını gizlətməyə, göz yaşını boğmağa öyrədilirdi. Zaman keçdikcə bu fikir dinlərdə, ədəbiyyatda və xalq inanclarında da öz yerini aldı. Kişilərdən səbirli, möhkəm olmaq gözlənildi, amma ağlamaq, dərdini dilə gətirmək çox vaxt "kişiyə yaraşmayan" davranış kimi göstərildi.

Xüsusilə də, müharibə dövrlərində, məsələn, I və II Dünya müharibələri zamanı kişilərə “dözümlü ol, qorxunu göstərmə, ailəni düşün” kimi təlqinlər verildi. O dövrdən etibarən kişi güclü olmalı, ağlamamalı, hisslərini gizlətməli idi. Bu düşüncə sonradan kinolarda, nağıllarda, məktəb və ailə tərbiyəsində də geniş şəkildə təbliğ olunmağa başladı. Uşaqlara tez-tez “Oğlansan, niyə ağlayırsan?”, “Kişi zəiflik göstərməz!” kimi sözlər deyildi. Bu da tədricən şüuraltı bir inanca çevrildi. Halbuki, ağlamaq insanın təbii ehtiyacıdır. Ağlamaq zəiflik deyil, daxili təzyiqin boşalması və psixoloji yüngülləşmə vasitəsidir. Kişilər də insan olduğu üçün duyğularını yaşamağa, ağlamağa, kövrəlməyə haqqı var. Bu gün artıq bu stereotiplərə qarşı mübarizə aparılır. Müasir psixologiya göstərir ki, duyğularını boğan insanlar, xüsusilə, kişilər daha çox stress yaşayır, ürək-damar və sinir sistemi xəstəliklərinə tutulurlar. Bütün bunlar göstərir ki, “kişilər ağlamaz” fikri həm səhvdir, həm də təhlükəli nəticələrə yol aça bilər. Bu fikir cəmiyyətə tədricən, uzun bir tarixi və mədəni proses nəticəsində aşılanıb. Amma bu gün artıq anlayırıq ki, güclü olmaq ağlamamaq deyil, hisslərini tanımaq və onları sağlam şəkildə ifadə edə bilməkdir. Kişilər də hiss edir, kövrəlir, üzülür və ağlamağa ehtiyac duyur. Onlara bu haqqı tanımaq cəmiyyət olaraq bizim vəzifəmizdir.

“Kişilər ağlamaz” stereotipi demək olar ki, bütün dünyada bir şəkildə mövcuddur. Amma bəzi mədəniyyətlərdə bu fikir daha sərt, daha görünən və təsiredici şəkildə cəmiyyətə aşılanır. Bu, əsasən patriarxal, yəni kişi üstünlüklü quruluşa sahib olan cəmiyyətlərdə daha çox özünü göstərir.

Şərqi və Orta Asiya mədəniyyətləri

Bu bölgələrdə, xüsusilə də, Çin, Yaponiya, Koreya, Vyetnam kimi ölkələrdə kişi fiquru ənənəvi olaraq sakit, təmkinli, emosiyasız və məsuliyyətli biri kimi təqdim olunur. Məsələn, Yaponiyada kişi ailənin "sütunu" hesab olunur. Burada duyğu göstərmək, xüsusilə ağlamaq, zəiflik əlaməti kimi görülür.

Çin fəlsəfəsində və Konfutsi təlimində də kişi rasional, səbirli və daxili gücə sahib biri kimi idealizə edilir.

Yaxın Şərq və ərəb mədəniyyətləri

Bu bölgələrdə kişi obrazı qoruyucu, lider və güc simvolu kimi formalaşdırılır. Ağlamaq və duyğu göstərmək tez-tez qadınlara xas davranış kimi qəbul edilir və kişilərin belə davranışları birmənalı qarşılanmır. Cəmiyyətin gözündə "kişi" daim özünü idarə edən, öz emosiyalarına qalib gələn biri olmalıdır.

Türk və Orta Asiya mədəniyyəti

Türk dünyasında kişi obrazı tarixən döyüşçü, qəhrəman, qorxmaz və mətin fiqur kimi təqdim olunub. Köçəri həyat tərzi, müharibələr və sərt həyat şəraiti kişidən emosiyalarını boğmağı tələb edirdi. Bu gün də bir çox türk cəmiyyətlərində, o cümlədən Azərbaycanda, oğlan uşaqlarına "kişi kimi ol", "ağlama", "güclü dayan" deyilir.

Qərb – xüsusilə ABŞ mədəniyyəti

Maraqlıdır ki, Qərbdə, xüsusilə Amerika mədəniyyətində, kişi obrazı da uzun illər "emosiyasız qəhrəman" kimi təqdim olunub. Kovboy filmləri, hərbi dramlar və superqəhrəman filmləri bu stereotipi daha da gücləndirib. Burada kişi demək, ağlamayan, döyüşən, ailəsini qoruyan və heç zaman hisslərini göstərməyən obraz demək idi. Amma son illər bu stereotip zəifləməyə başlayıb və artıq Qərbdə kişi duyğularına yer vermək daha qəbulolunan hal alır.

Afrika və Latın Amerikası mədəniyyətləri

Bəzi Afrika qəbilələrində və Latın Amerikası ölkələrində kişi gücü əsasən fiziki güc və qətiyyət üzərindən qiymətləndirilir. Ağlayan kişi "zəif", "qadınabənzər" kimi etiketlənə bilər. Xüsusilə, maço (machismo) anlayışı Latın Amerikasında kişinin hisslərini boğmasını və daim dominant olmasını təbliğ edir.

"Kişilər ağlamaz" stereotipi dünyada demək olar ki, hər mədəniyyətdə az və ya çox dərəcədə mövcuddur. Ancaq ənənəvi, kişi mərkəzli və sərt sosial qaydalara malik cəmiyyətlərdə bu fikir daha güclü şəkildə yaşamaqdadır.

Bununla belə, müasir dövrdə qloballaşma, təhsil və psixoloji maarifləndirmə sayəsində bu stereotip bir çox mədəniyyətlərdə tədricən zəifləməyə başlayır. Artıq insanlar başa düşürlər ki, ağlamaq insan olmaq əlamətidir, cinsə görə yox.

Sosioloq Üzeyir Şəfiyev: "Ənənəvi və kişi mərkəzli cəmiyyətlərdə kişilərin üzərinə bir sıra sosial və hüquqi yükləmələr olunur. Bu cür cəmiyyətlərdə kişiyə təkcə ailənin başçısı olmaq deyil, eyni zamanda ailəni maddi cəhətdən təmin etmək, təhlükəsizliyini qorumaq, hər bir problemi həll etmək, daim soyuqqanlı və güclü qalmaq kimi öhdəliklər yüklənir. Belə baxıldıqda, cəmiyyət kişi obrazını sanki bir dağ kimi sərt və sarsılmaz görmək istəyir. Bu yükləmələr bəzən o qədər kök atır ki, artıq kişi duyğularını ifadə etməyi zəiflik kimi qəbul edir və öz problemlərini içində saxlamağa üstünlük verir. Nəticədə, bu vəziyyət psixoloji gərginliklərə, emosional tükənməyə və hətta depressiyaya qədər gedib çıxır. Amma cəmiyyət yenə də kişidən "güclü ol", "sarsılma", "ailəni qorumaq sənin borcundur" deyə tələb edir. Hüquqi müstəvidə də bəzən bu sosial gözləntilərin əksi görünür. Məsələn, ailə hüququnda uşaq və ya ailənin əsas maddi təminatçısı kimi daha çox kişidən gözlənti var. Amma bu yükləmələrin qarşılığında onun hüquqları, sosial dəstəyi və psixoloji ehtiyacları bəzən arxa plana keçir. Bir tərəfdən, kişiyə daha çox hüquq tanınırmış kimi görünür: məsələn, qərarvermə prosesində üstün mövqe, amma digər tərəfdən həmin hüquqlar, əslində, onun üzərinə daha çox məsuliyyət və gözlənti yükləyir. Bu balanssızlıq, uzun müddətdə, həm kişi fərdin rifahını zədələyir, həm də ailə və cəmiyyət münasibətlərinə təsirsiz ötüşmür. Bu baxımdan vacib olan odur ki, cəmiyyət kişiyə yalnız vəzifələr yükləməsin, həm də onu anlayan, dəstəkləyən, duyğularına və zəifliklərinə yer verən bir yanaşma sərgiləsin. Hüquqi sistem də yalnız maddi məsuliyyətə deyil, emosional və sosial ehtiyaclara da diqqət yetirsin. Cəmiyyətin kişilərə yönəltdiyi ənənəvi gözləntilərdən biri də "kişi zəif olmaz", "kişi ağlamaz", "kişi möhkəm və səbirli olmalıdır" kimi öhdəliklərdir. Bu cür yanaşmalar uzun illərdir ki, kişilərin davranış modelini formalaşdırır. Kişidən gözlənilir ki, o, hər çətinlik qarşısında soyuqqanlılığını qorusun, duyğularını büruzə verməsin, heç kimə "zəif tərəfini" göstərməsin. Əslində isə bu, cəmiyyətin kişi üzərində yaratdığı görünməz, lakin çox ağır bir yükdür. Kişinin hər dəfə öz hisslərini boğması, ağlamağa ehtiyac duyduğu halda göz yaşlarını udması və daim güclü görünmək məcburiyyətində qalması onun daxili dünyasına təsir edir. Kişilər qadınlardan fərqli olaraq, emosional boşalmanı daha çox introvert şəkildə, yəni daxilə yönəlik yaşayırlar. Problemlərini səsli şəkildə dilə gətirmək, kimləsə bölüşmək əvəzinə, onları içində saxlayır, təkbaşına həll etməyə çalışırlar. Bu isə uzun müddətdə psixoloji yüklənməyə, daxili gərginliyə və emosional tükənməyə səbəb olur. Belə hallarda kişi özünü zahirdə möhkəm, sakit və nəzarətli göstərsə də, daxilində ciddi zədə almış olur. Məhz bu daxili konfliktlər, yəni cəmiyyətin gözləntiləri ilə şəxsi ehtiyaclar arasında yaşanan ziddiyyət onun ruh sağlamlığını pozur. Nəticədə kişi bəzən depressiyaya düşür, bəzən aqressivləşir, bəzən də sosial həyatdan uzaqlaşır. Bu səbəbdən cəmiyyətin "kişi ağlamaz", "kişi zəif görünməməlidir" kimi yanaşmaları dəyişməlidir. Kişilərə də duyğularını ifadə etmək, kömək istəmək və emosional boşalma hüququ verilməlidir. Çünki duyğuların ifadəsi zəiflik deyil, insani ehtiyacdır - istər qadın, istər kişi üçün. Cəmiyyətdə kişilər üzərinə qoyulan “kişilik” öhdəlikləri – məsələn, “kişi ağlamaz”, “kişi zəif görünməməlidir”, “kişi hər şəyə dözməlidir” kimi yanaşmalar onların sağlamlığına ciddi təsir göstərir. Bu təsir, sadəcə psixoloji yox, eyni zamanda fizioloji səviyyədə də müşahidə olunur. Statistik göstəricilər göstərir ki, 30 yaşdan sonra kişilər arasında ölüm halları qadınlarla müqayisədə daha çoxdur. Yaş artdıqca bu fərq daha da dərinləşir. Bu səbəbdəndir ki, ahıl yaş qrupunda, yəni 65 yaşdan yuxarı yaşayanların əksəriyyəti qadınlardır. Bu, təsadüfi bir göstərici deyil. Çünki kişilər uzun illər boyunca emosional gərginliyi daxillərində saxlayaraq yaşayır, problemlərini paylaşmadan, "zəif görünmədən" susaraq keçməyə çalışırlar. Bu daxili gərginlik isə, zamanla, onların ürək-damar, təzyiq, sinir sistemi və hətta bəzi psixosomatik xəstəliklərin yaranmasına səbəb olur. Yəni kişi fiziki baxımdan sağlam görünə bilər, amma psixoloji yüklənmənin təsiri ilə bədəni içdən sıradan çıxmağa başlayır. Təəssüf ki, bir çox kişi zamanında tibbi yardıma da müraciət etmir. Çünki "kişiyə yaraşmaz", "kişi dözməlidir", "kişi həkimə görə gedib nə edəcək" kimi cəmiyyətin yersiz yanaşmaları onların həm özünü dinləməsinə, həm də özünü qorumasına mane olur. Nəticədə, problemlər ağırlaşır, xəstəliklər dərinləşir və ölüm riskləri artır. Cəmiyyətdə qadın-kişi nisbətindəki balansın pozulmasının səbəblərindən biri də budur. Yəni yaşlı qadınların sayının kişilərdən çox olması sadəcə bioloji deyil, sosial-psixoloji amillərlə də sıx bağlıdır. Bütün bunlar bir daha göstərir ki, kişi olmaq, hisslərini boğmaq demək deyil. Güclü olmaq susmaq yox, problemi vaxtında dərk etmək və ona çarə axtarmaqdır. Cəmiyyət də bu anlayışı dəyişməli, kişilərə də duyğularını ifadə etməyə, zəif anlarını yaşamağa və kömək istəməyə haqq verməlidir. Ənənəvi cəmiyyətlərdə kişilərin üzərinə qoyulan sosial rollar və öhdəliklər bəzən psixoloji yük yaratsa da, bu prosesin tamamilə mənfi olduğunu demək doğru olmaz. Əslində, burada müəyyən müsbət çalarlar və konstruktiv yanaşmalar da var. Kişilərin ailənin qoruyucusu, təminatçısı və istiqamətverici fiquru kimi yetişdirilməsi onların sosial məsuliyyət hissini artırır. Bu yanaşma kişilərin öz həyatlarına və ətrafdakılara qarşı ciddi, planlı və cavabdeh davranmasını təşviq edir. Bir çox kişi, bu gözləntiləri və rolları yalnız yük kimi deyil, həm də şərəfli vəzifə kimi qəbul edir. Onlar üçün ailəyə sahib çıxmaq, çətinlik zamanı səbirli olmaq, yaxınlarını qorumaq bir kimlik məsələsidir. Bu öhdəliklər sayəsində kişilər cəmiyyətin dayağı, böhran anlarında sabitlik mənbəyi rolunu oynayırlar. Onlar cəmiyyətin nizamını, ailənin birliyini, ictimai sabitliyi qorumaqda mühüm yer tuturlar. Məsələn, çətin dövrlərdə müharibə, iqtisadi böhran və ya ailədaxili gərginliklər zamanı kişilərin bu "mətin durmaq" rolu ətrafdakılara da güvən verir. Digər tərəfdən, bu məsuliyyətləri daşımaq kişilər üçün özünü tanıma, inkişaf etdirmə, liderlik və idarəetmə kimi müsbət keyfiyyətlərin formalaşmasına səbəb olur. Onlar özlərinə və ailələrinə qarşı daha diqqətli olurlar, çünki hiss edirlər ki, onların davranışı təkcə özlərini deyil, başqalarını da təsirləndirir. Əlbəttə ki, bu məsuliyyətin psixoloji yükə çevrilməməsi üçün balanslı yanaşma vacibdir. Yəni kişilərin güclü və sabit olması ilə yanaşı, insani zəifliklərinə hörmətlə yanaşmaq, onlara da emosional dəstək vermək mütləqdir. Güclü olmaq hissləri boğmaq deyil, onları idarə edə bilmək və lazım gəldikdə paylaşa bilməkdir".