Beynəlxalq Olimpiya Günü idman, fitnes və olimpiya ruhunun birlikdə qeyd edilməsi ilə əlamətdardır. Hər il iyunun 23-də qeyd olunan bu mühüm gün idmanın birlik, möhkəmlik və fiziki rifahı təşviq etmək üçün gücünü vurğulayan fəaliyyətlərdə iştirak etmək istəyən bütün yaş və qruplardan olan insanları bir araya gətirir. SİA xəbər verir ki, bu əlamətdar gün 1948-ci ildə Sankt-Moritsdə (İsveçrə) keçirilən 42-ci sessiya zamanı Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən təsis edilib. Bu tarix təsadüfən seçilməyib, çünki 23 iyun müasir Olimpiya hərəkatının yaranması ilə əlamətdardır. 1894-cü ilin bu günündə Fransada keçirilən konqresdə Pyer de Kubertenin Olimpiya Oyunlarını canlandırmaq təşəbbüsü dəstəklənib və Beynəlxalq Olimpiya Komitəsi yaradılıb.
Beynəlxalq Olimpiya Günü ilk dəfə 1948-ci ildə BOK-un təklifi əsasında qeyd edilib. Beynəlxalq Olimpiya Günü təsis edildiyi gündən etibarən simvolik bir tədbirdən 150-dən çox ölkədə milyonlarla insanın iştirak etdiyi aktiv, qlobal bayrama çevrilib.
2025-ci ildə bu əlamətdar gün “Daha çox motivasiya, cəmiyyət və sevinc üçün birlikdə hərəkət edək” mövzusunda keçirilir.
BOK Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq şəraitində insanları daha çox hərəkət etməyə ruhlandırmaq və dəstəkləmək məqsədi daşıyan davamlı təşəbbüsünün növbəti mərhələsini həyata keçirir. Bu deviz idmanla məşğul olmağın və birlikdə məşq etməyin faydalarına işıq saçır, bunun gətirdiyi faydaları təşviq edir.
BOK prezidenti Tomas Baxın bu münasibətlə yaydığı bəyanatda deyilir: “İdman sevincdir, idman insanları birləşdirir. İdman və fiziki fəaliyyət həm də sağlam bədən, sağlam ruh və möhkəm cəmiyyətlər üçün yüksək təsirə malik vasitədir. Biz hər yerdə insanları idmanın sevincini yaşamağa və Olimpiya Günündə idmanla məşğul olmaq üçün dostumuzu da özümüzlə götürməyə və onlara daha çox ilham verməyə dəvət edirik”.
İyunun 23-də bu əlamətdar gün çərçivəsində 150-dən çox Milli Olimpiya Komitəsinin (MOK), Beynəlxalq İdman federasiyalarının və Olimpiya Oyunlarının Təşkilat komitələrinin (OCOGs) iştirak edəcəyi Olimpiya Hərəkatı üzrə kütləvi tədbirlər və rəqəmsal aktivləşdirmələr olacaq.
“Samsung” şirkəti insanlara 23 iyun-21 iyul tarixləri arasında 260 min addım atmaq üçün çağırış edib. Çində “WeChat” platformasında Olimpiada Mini Proqramı iyunun 30-na qədər insanları hədəflər təyin etmək, birlikdə məşq etmək və dostları ilə yarışmaq üçün komanda rejimi də daxil olmaqla gündəlik idman yarışına dəvət edib.
Azərbaycan müstəqil dövlət olaraq Olimpiya hərəkatına 1992-ci ildən qoşulub. Ölkəmizdə bu sahənin sürətli inkişafı 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilən dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır. Hazırda idmançılarımız Paralimpiya, Qış Olimpiya Oyunları, Yeniyetmələrin Yay və Qış Olimpiya Oyunları, Avropa Oyunları, Avropa Gənclərinin Yay və Qış Olimpiya festivalları və İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edirlər.