Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru Fan Şicon ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Əhməd İsmayılov media sahəsində tərəfdaşlığın gücləndirilməsi və əməkdaşlığın təşviqinin sürətlə dəyişən qlobal informasiya mühitində hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını deyib. O, eyni zamanda, media sahəsinə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin təşkilinin, birgə media layihələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru Fan Şicon qurumun müasir texnoloji infrastrukturu, televiziya kontentinin planlaşdırılması, istehsalı və yayımı sahələrində tətbiq olunan metodlar, habelə rəqəmsal media mühitində formalaşdırılan innovativ yanaşmalar haqqında ətraflı məlumat verib. O, həmçinin Şanxay Media Qrupunun gələcək hədəflərindən və qlobal informasiya mühitində rəqabət qabiliyyətini artırmaq üçün atılan addımlardan bəhs edib.
Sonra nümayəndə heyəti Şanxay Media Qrupunun efir və montaj otaqları, texnoloji infrastrukturu və rəqəmsal yayım sistemləri ilə yaxından tanış olublar.
Qeyd edək ki, Çin Xalq Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev və “AnewZ” telekanalının İcraçı direktoru Rüfət Həmzəyev daxildir.