"Kredit büroları və mərkəzi bankların rolu artıb" - Zakir Nuriyev

23 İyun 2025 10:17 (UTC+04:00)

"Son illərdə beynəlxalq maliyyə sistemində baş verən dəyişikliklər, o cümlədən pandemiya, geosiyasi qeyri-sabitlik və rəqəmsal texnologiyaların sürətli inkişafı kredit və bank sektorunda yeni çağırışlar yaradıb. Bu çətinliklər fonunda ölkələrin kredit büroları və mərkəzi banklarının rolu daha da artıb". SİA xəbər verir ki, bu sözləri konfrans zamanı açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının prezidenti, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bu baxımdan istisna deyil: "Mərkəzi Bankın və Kredit Bürosunun aktiv iştirakı ilə ölkədə kreditlərin şəffaflığı artırılmış, risklərin idarə olunması təkmilləşdirilmiş və maliyyə intizamı gücləndirilmişdir: "Kredit bürosunun yaradılması bu sahədə əsas dönüş nöqtələrindən biri olub. Onun vasitəsilə həm fiziki, həm də hüquqi şəxslər üzrə kredit tarixçələrinin toplanması və paylaşılması mümkün olmuşdur.

Kredit Bürosunun fəaliyyəti nəticəsində: Kredit portfellərinin keyfiyyəti artmış, Gecikmiş öhdəliklərin səviyyəsi azalmış, Banklar arasında rəqabət şəffaf baza üzərində qurulmuş, İstehlakçıların kreditə çıxış imkanları genişlənmişdir.

2024-cü ildə kredit tərəfdaşlarının sayı 125 faiz artaraq 30-a çatmış, kredit mübadiləsi həcmi isə 3 milyard manatı ötmüşdür. Bu da kredit bazarının dinamik şəkildə inkişaf etdiyini göstərir. Büro tərəfindən yaradılan rəqəmsal platformalar və informasiya mübadilə sistemləri vasitəsilə artıq 270-dən çox təşkilat sistemə qoşulmuş və məlumat mübadiləsi aparır. Bu, həm borcalanların daha dəqiq qiymətləndirilməsini təmin edir, həm də bankların kredit riski ilə bağlı daha əsaslandırılmış qərarlar verməsinə şərait yaradır.

Azərbaycan Kredit Bürosu təkcə banklara deyil, həmçinin sığorta şirkətlərinə, lizinq və mikromaliyyə təşkilatlarına da xidmət göstərir. Bununla yanaşı, kredit tarixçəsinin və maliyyə davranışlarının şəffaflaşdırılması istiqamətində təbliğat işləri genişləndirilmiş, vətəndaşlar kredit hesabatlarına daha asan çıxış əldə etmişlər.

Əlavə olaraq, bu sahədə beynəlxalq əməkdaşlıq da gücləndirilmişdir. Müxtəlif ölkələrin təcrübəsi öyrənilir və tədbiq edilir. Beynəlxalq kredit konfranslarının keçirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər həm regional əməkdaşlığı dərinləşdirir, həm də kredit sahəsində qabaqcıl təcrübələrin paylaşılmasına şərait yaradır. Nəticə olaraq, Azərbaycan Kredit Bürosu bu gün artıq təkcə kreditlərin toplanması və paylaşılması funksiyasını yerinə yetirmir, o, ölkənin maliyyə sabitliyinin qorunmasında, kredit risklərinin azaldılmasında və iqtisadi inkişafın təmin olunmasında əsas rol oynayan bir instituta çevrilmişdir".