Bakıda “EuroVillage 2025” tədbiri keçirilir

22 İyun 2025 15:33 (UTC+04:00)

Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “EuroVillage 2025” (Avropa Şəhərciyi) tədbiri keçirilir. SİA xəbər verir ki, tədbir Avropa Günü münasibətilə təşkil olunub, Avropa İttifaqı, onun üzv dövlətləri, Azərbaycanın Gənclər və İdman Nazirliyi və digər tərəfdaş qurumların birgə iştirakı ilə həyata keçirilir.

Qeyd edək ki, builki "EuroVillage 2025" sağlam həyat tərzinin və idmanın təşviqinə həsr olunub.

Tədbir çərçivəsində Aİ ölkələrinin pavilyonları, interaktiv guşələr, səhnə çıxışları, uşaqlar və böyüklər üçün əyləncəli və maarifləndirici fəaliyyətlər təqdim olunub. Həmçinin ziyarətçilər üçün musiqi, rəqs, idman oyunları və hədiyyəli müsabiqələr təşkil edilib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko bildirib ki, Avropa şəhərciyi qitəyə açılan bir pəncərədir:

"Bu, Avropa İttifaqını unikal edən onun zəngin mədəniyyətini və müxtəlifliyini görmək, öyrənmək və zövq almaq üçün bir imkandır. Bayramı azərbaycanlı dostlarımızla bölüşməkdən məmnunuq!”