Rəsmi Ankara İranın nüvə obyektlərinə hücumun mümkün nəticələrindən narahatdır

22 İyun 2025 15:20 (UTC+04:00)

Türkiyə olaraq bölgədə İsrailin hücumları ilə başlayan qarşıdurmanın yayılma riskinə və təhlükəsizlik mühitinin pozulmasına hər fürsətdə diqqət çəkmişik. ABŞ tərəfindən bu gün İranın nüvə obyektlərinə edilən hücum həmin riski ən yüksək səviyyəyə qaldırdı. Türkiyə ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumun mümkün nəticələrindən dərin narahatlıq duyur. Baş verən hadisələr regional münaqişənin qlobal miqyasda genişlənməsinə səbəb ola bilər. Biz bu fəlakət ssenarisinin gerçəkləşməsini istəmirik. SİA xəbər verir ki, bu fikirlər Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) ABŞ-ın İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirdiyi zərbələri ilə bağlı bəyanatında yer alıb.

Türkiyə XİN açıqlamasında əlaqədar bütün tərəfləri məsuliyyətli davranmağa, hücumları dərhal qarşılıqlı şəkildə dayandırmağa, daha çox insan tələfatına və dağıntıya səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Açıqlamada, həmçinin deyilir: “İranın nüvə proqramı ilə bağlı münaqişənin yeganə həll yolu danışıqlardan keçir. Beynəlxalq ictimaiyyəti tərəflər arasında diplomatik həll yollarının tapılması istiqamətindəki səyləri dəstəkləməyə çağırırıq. Türkiyə üzərinə düşən məsuliyyəti yerinə yetirməyə və konstruktiv töhfə verməyə hazırdır”.