Xalçalar təkcə məişətdə istifadə olunmur, həm də Türk toplumlarının kimlik ifadəsi, tarixi yaddaşı və kollektiv yaddaşının bir hissəsi kimi çıxış edir
Altıncı məqalə
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. 1 may 30 sentyabr tarixləri arasında reallaşdırılacaq layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımız bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz Türk dünyasıdır. Ailəmizin etibarlı təməllər üzərində qurulması həm də ortaq tarixi keçmişimizə sahib çıxmaqdan keçir. Layihənin məqsədi Türk dünyasında bu istiqamətdə atılan addımları, ortaq mirasımızla bağlı tarixi faktları türk dünyasına, o cümlədən uşaq, yeniyetmə və gənclərə çatdırmaqdır. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 12 məqalənin hazırlanması nəzərdə tutulub. Müxtəlif sahələri əhatə edəcək həmin 12 məqalənin altıncısı oxuculara təqdim edilir.
Bu məqalədə Türk dünyasında önəmli yer tutan və ortaq dəyər olan xalçaçılaqdan bəhs edəcəyik.
Türk xalqları tarix boyu zəngin ornamentli, simvolika və toxuculuq texnikası ilə seçilən xalçalar yaradıblar
Beləliklə, öncə onu bildirək ki, xalçaçılığın ilk nümunələri eramızdan əvvəl II minilliyə aid edilir. Ən önəmli arxeoloji sübutlardan biri Altay dağlarında yerləşən Pazyryk kurqanında tapılmış xalçadır. Ümumiyyətlə, xalçaçılıq sənəti Türk dünyasında minilliklər boyunca inkişaf edərək yalnız məişət əşyası deyil, həm də milli-mədəni identikliyin əsas göstəricilərindən birinə çevrilmişdir. Yəni, xalçaçılıq Türk xalqları arasında ən qədim və zəngin mədəniyyət sahələrindən biri olub, həm estetik, həm də funksional baxımdan böyük əhəmiyyət daşıyır. Türk xalqları tarix boyu zəngin ornamentli, simvolika və toxuculuq texnikası ilə seçilən xalçalar yaradıblar. Bu sənət növü qədim köçəri həyat tərzinin tələblərindən doğaraq zamanla estetik və mənəvi bir sənətə çevrilib.
Türk xalçaçılığı minilliklər boyunca Orta Asiyadan Anadoluya, Qafqazlardan Balkanlara, Sibir bölgəsindən Çin sərhədlərinə qədər geniş bir coğrafiyada formalaşıb və inkişaf edib.
Əksər ekspertlərin də qeyd etdikləri kimi, xalçalar təkcə məişətdə istifadə olunmur, həm də Türk toplumlarının kimlik ifadəsi, tarixi yaddaşı və kollektiv yaddaşının bir hissəsi kimi çıxış edir. Onların üzərindəki naxışlar, rənglər və simvollar həmin toplumların mifoloji düşüncəsini, dünyagörüşünü və həyat tərzini əks etdirir. Türk xalçalarında istifadə olunan simvollar əsasən kozmoloji və dini mənalar daşıyır. Göy Tanrı inancı, şamanist ayinlər və totemist dünya görüşü xalça ornamentikasında aydın şəkildə öz əksini tapır. Məsələn, “günəş”, “su”, “quş”, “qurd”, “əl”, “qapı” kimi motivlər həyat, qorunma, məhsuldarlıq və ilahi güc simvolları kimi yozulur. Bu motivlər həmçinin sonrakı dövrlərdə İslam təsiri ilə yeni forma alaraq mədəni sintez yaratmışdır.
Tarix boyu xalçaçılıq Azərbaycanda xüsusilə fərqlənib
Beləliklə, öncə Azərbaycan xalçaları və xalçaçılıq ənələri barədə araşdırma etdik. Bu istiqamətdə həmsöhbət olduğumuz xalçaçı-rəssam, əslən Qərbi Azərbaycanın Qafan rayonu Oxçu kəndindən olan Fəxriyyə Hacıyeva öncə onu dedi ki, ata babasıgili ermənilər Oxçu kəndindən zülmlə qovublar, onlar da Zəngilan rayonunda məskunlaşıblar: “Mən də Zəngilanda doğulmuşam. Orta təhsilimi başa vurub, Bakıya gəlmişik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dekorativ Tətbiqi Sənət fakültəsində xalça rəssamlığı ixtisası üzrə oxumuşam. Uşaqlıq illərimdən naxış çəkməyə çox həvəsli olmuşam. Nənəm tikmə ustası olub .Onun əllərinə baxaraq milli naxışları öyrənmişəm. Mən uşaqlıqdan Qarabağ və Zəngəzur xalçaları ilə böyümüşəm”.
Bizimlə söhbətində Türk dünyasının xalçaçılıq baxımından böyük tarixə malik olduğunu deyən Fəxriyyə Hacıyeva bu baxımdan Qərbi Azərbaycanın xalçaçılıq tarixi və ənənələrinin xüsusi önəm kəsb etdiyini bildirdi. Bununla bağlı konkret fikirləri bir qədər sonra təqdim edəcəyik.
Hələlik isə bildirək ki, tarix boyu xalçaçılıq Azərbaycanda xüsusilə fərqlənib və dəyərləndirilib. Mənbələrdən də bəlli olduğu kimi, Azərbaycanda çeşidli xalçaçılıq məktəbləri var. Məsələn, Quba, Qarabağ, Şirvan, Qazax, Təbriz, Gəncə və Bakının ətraf bölgələri bu baxımdan qeyd edilməlidir. Bu xalçaçılıq məktəbləri əsrlər boyunca formalaşmış və hər biri özünəməxsus texniki xüsusiyyətləri, rəng palitrası və bədii üslub ilə fərqlənmişdir. Bu məktəblər coğrafi mövqeyinə, yerli ənənələrə və tarixi-mədəni təsirlərə uyğun olaraq müxtəlif formalarda inkişaf etmiş, zəngin bir xalçaçılıq mədəniyyəti yaratmışdır.
Azərbaycan xalçaları maraqlı və zəngin motivləri ilə hər zaman dünyanın diqqətini çəkib
Onu da vurğulayaq ki, Azərbaycan xalçaları maraqlı və zəngin motivləri ilə hər zaman dünyanın diqqətini çəkib. Mənbələrə əsaslanaraq qeyd edə bilərik ki, Azərbaycan xalçalarında tez-tez rast gəlinən "buta", "xarı bülbül", "sarmaşıq", "çinar", "göl" və "haşiyə" motivləri təkcə estetik məqsədlərə xidmət etmir, həm də xalqın mifik dünyagörüşünü, dini inanclarını və mədəni kimliyini əks etdirir.
Qərbi Azərbaycan xalçaçılıq məktəbinə gəlincə, bildirmək yerinə düşər ki, XX əsrin ortalarında Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlılar, özləri ilə birlikdə xalçaçılıq ənənələrini də yeni məskunlaşdıqları ərazilərə gətiriblər. Bu xalçalar, onların doğma yurdlarına olan bağlılığını və mədəni irsini qorumaq üçün əhəmiyyətli rol oynayıb.
Qərbi Azərbaycan xalçaları öz rəng tonları, naxış zənginliyi və texnologiyası ilə fərqlənir
Bu məqama toxunan Fəxriyyə Hacıyeva dedi ki, Qərbi Azərbaycanın xalçaçılıq ənənələri, zəngin tarixi və mədəni irsi ilə Azərbaycan xalqının milli kimliyinin ayrılmaz hissəsidir: “Nənələrdən eşitdiyim sözlərə görə Qərbi Azərbaycanda, Zəngəzurda bir qadın tapılmazdı ki, xalça, yaxud kilim toxumasın. Bu mahallarda Azərbaycan türkləri qızlarına cehiz verərkən mütləq öz toxuduğu xalçaları verərmişlər. Beləliklə, bu sənət, nəsildən-nəslə ötürülərək, xalqın yaddaşında və evlərində yaşamağa davam edir. Qeyd edim ki, Qərbi Azərbaycan xalçaları öz rəng tonları, naxış zənginliyi və texnologiyası ilə fərqlənir. Qərbi Azərbaycanın ən məşhur xalçaları Lori, Pəmbək, Dərələyəz, İrəvan, Zəngəzur, Zəngibasar, Ağbaba, Göyçə mahalında toxunmuşdur. Qərbi Azərbaycanımızın gözək təbiəti xalçada da öz əksini tapır”.
Müsahibimiz dedi ki, “Qərbi Azərbaycanda nənələrimiz qoyunun yununu əyirərək iplik düzəldiblər. Təbiətdən yığılmış boyaq otu, zəncur otu, qoz yarpağı, palıd yarpağı, əncir yarpağı kimi bitkilərdən ipləri boyayıb müxtəlif gözəl naxışlı xalçalar toxuyublar. Hazırda da İrəvan, Loru Pəmbək və Göycə kimi məşhur Qərbi Azərbaycan xalçaları və xovsuz kilimləri dünya muzeylərini bəzəyir”.
Fəxriyyə Hacıyeva qeyd etdi ki, böyük bir inkişaf yolu keçən Qərbi Azərbaycan xalçaları özündə dini və millin inancları da əks etdirib.
Qərbi Azərbaycan xalçalarında istifadə olunan ornamentlər, qədim türk mədəniyyətinin simvollarını əks etdirir
Yeri gəlmikən, Qərbi Azərbaycan xalçalarında istifadə olunan ornamentlər, qədim türk mədəniyyətinin simvollarını əks etdirir. Məsələn, Haqqıxlı xalçasında qurd ağzı, qırx açar, ay-ulduz kimi simvollar, Göytürk yazıları və tenqriçilik rəmzləri ilə birlikdə, xalçanın yalnız xüsusi günlərdə sərilməsi ənənəsini göstərir. Ümumiyyətlə, Qərbi Azərbaycan xalçaçılığında qədim türk mədəniyyətinin izləri çox zəngindir. Bu xalçalar, türk mifologiyası, inanc sistemi və estetik dünyagörüşünün canlı ifadəsidir. Bu, həm də Qərbi Azərbaycan xalçaçılığının qədim türk mədəniyyətinə olan bağlılığını və bu mədəniyyətin xalça sənətində necə yaşadığını göstərir.
Bu məqamda onu da qeyd edək ki, Azərbaycan xalçaçılığı təkcə xalq sənətkarlığının nümunəsi deyil, həm də milli-mədəni identikliyin qorunması və nəsildən-nəslə ötürülməsi baxımından mühüm vasitə olmuşdur. Bu səbəbdən də 2010-cu ildə Azərbaycan xalçaçılıq sənəti UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir. Bu mühüm beynəlxalq tanınma Azərbaycan xalçaçılığının qlobal mədəniyyət üçün əhəmiyyətini təsdiqləmiş, həm də bu sahədə elmi tədqiqatlar və mədəni irsin qorunması sahəsində yeni imkanlar yaratmışdır.
Cavid Şahverdiyev
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.