"Bu məsələlərin koordinasiyalı şəkildə idarə olunması zəruridir" - SOSİOLOQ ŞƏRH ETDİ

21 İyun 2025 12:36 (UTC+04:00)

"Azərbaycanda sahibsiz, küçə və səfil heyvanlarla bağlı son illər müəyyən addımlar atılıb. Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla xanım Əliyeva həm də İDEA təşkilatının rəhbəridir. O, beynəlxalq aləmdə heyvanların hüquqlarını qoruyan tanınmış ictimai xadimdir. Onun təşəbbüsü nəticəsində bir neçə it, pişik və digər heyvanlar üçün sığınacaqlar yaradılıb. Hətta ceyranların, dağ gürzələrinin və nəsli tükənməkdə olan heyvanların qorunması ilə bağlı qoruqlarda müəyyən proqramlar həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydınxan Əbilov deyib.

Onun sözlərinə görə, bir qurum və ya bir şəxsin təşəbbüsü ilə görülən işlər bu problemi tamamilə həll edə bilməz. Bu, bütün dünyada mövcud olan bir problemdir. İnsanlar bir-birindən uzaqlaşdıqca heyvan saxlayanların sayı artıb, xüsusən də pişik və itlər. Pandemiya zamanı isə bir çox ev heyvanı küçəyə atıldı, çünki sahibləri onları saxlaya bilmədilər: "Hazırda Bakıda və digər bölgələrdə sahibsiz it və pişiklərin sayı artır. Hətta tülkü və ilan kimi heyvanların belə şəhərə endiyi hallara rast gəlinir. Bu da onların təbii yaşayış yerlərinin insanlar tərəfindən zəbt edilməsi ilə bağlıdır. Bu problemlə bağlı dövlət və bələdiyyələr müəyyən layihələr həyata keçirir. Məsələn, səfil və xəstə heyvanların tutularaq iynə ilə öldürülməsi kimi radikal üsullara əl atılır. Lakin bu metodlar heyvansevərlər tərəfindən kəskin tənqid olunur və hazırda daha az istifadə edilir. Daha çox tutularaq sığınacaqlara yerləşdirmə praktikasına üstünlük verilir.

Lakin bu da problemi tam həll etmir. İtlərin və pişiklərin sayı o qədər çoxdur ki, artım davam edir. Şəhərdə küçə itlərinin qruplarla dolaşması və insanlara hücum etməsi kimi hallar müşahidə olunur. Bu, təhlükəli vəziyyət yaradır. İctimaiyyətin bir hissəsi heyvansevərlərin təşəbbüslərinə də etiraz edir. Maraqlıdır ki, bəzi küçə itləri artıq şəhərdə svetoforun yaşıl işığını gözləməyi öyrənib, hətta yerüstü piyada keçidlərindən istifadə edirlər. Amma buna baxmayaraq, uşaqlara, qadınlara və yaşlılara hücum halları da müşahidə olunur.

Düşünürəm ki, bu sahədə ayrıca bir dövlət qurumunun yaradılmasına ehtiyac var. Nəsli kəsilmək təhlükəsi altında olan heyvanların, atların, dəvələrin, quşların və şəhərə uyğunlaşmış digər heyvanların qorunması üçün belə bir struktur vacibdir. Bütün bu məsələlərin koordinasiyalı şəkildə idarə olunması zəruridir".