Azərbaycan Koreya istehsalçılarını Ələt Azad İqtisadi Zonasına (AİZ) cəlb etməkdə maraqlıdır. SİA xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının imkanlarını və investorlar üçün imtiyazları təqdim etmək məqsədilə Seula səfər etmiş AİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov “The Korea Herald” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycan yüksək əlavə dəyərə malik ixracyönümlü məhsulların istehsalı üzrə ixtisaslaşmış Koreya istehsalçılarının axtarışındadır.
"Azərbaycan Cənubi Koreya ilə sənaye sahəsində əməkdaşlıqda maraqlıdır və bu ölkənin istehsalçılarını Ələt Azad İqtisadi Zonasına sərmayə qoymağa dəvət edir", - V.Ələsgərov bildirib.
O qeyd edib ki, Cənubi Koreyaya səfəri çərçivəsində ölkənin aparıcı qurumlarının, o cümlədən Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi və Koreya Beynəlxalq Ticarət Assosiasiyasının nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçirib. Danışıqlarda məqsəd Ələt AİZ-in imkanlarının təşviqi və əməkdaşlıq perspektivlərini müzakirəsi olub.
"Bu təşkilatlar zonalara səmimi maraq göstərib. Həmişə dediyim kimi, biz istənilən təklifi nəzərdən keçirməyə hazırıq, lakin innovativ texnologiyalar təqdim edəcək, beynəlxalq standartlara uyğun olacaq və ixracyönümlü istehsala can atacaq investorlara üstünlük verəcəyik", - o bildirib.
V.Ələsgərovun sözlərinə görə, AİZ-də istehsal olunan məhsulların ən azı 75 %-i xaricə ixrac edilməlidir: "Bu tələb zonanın rəqabətqabiliyyətliliyini təmin etməyə və yalnız yerli bazara yönəlmiş kiçik müəssisələrin yaranmasının qarşısını almağa xidmət edir".
İdarə Heyətinin sədri əlavə edib ki, Koreya sənayesi, xüsusilə maşınqayırma, elektronika, avtomobil istehsalı və əczaçılıq sahələri Ələt AİZ-in strateji məqsədlərinə cavab verir.
Ələt AİZ həmçinin hazır infrastruktur və mühəndis kommunikasiyaları ilə təmin olunmuş sənaye təyinatlı torpaq sahələri təqdim edir ki, bu da layihələri dərhal və ən az xərclərlə həyata keçirməyə imkan verir", - o bildirib.