Azərbaycan-Türkiyə Qardaşlığı: “Bir millət, iki dövlət” prinsipi yenidən təsdiqləndi - ŞƏRH EDİLDİ

21 İyun 2025 10:52 (UTC+04:00)

"İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə Türkiyənin Azərbaycana göstərdiyi davamlı və prinsipial dəstək – istər diplomatik, istər mənəvi sahədə – bir daha sübut etdi ki, bu iki dövlətin münasibətləri sadəcə müttəfiqlik deyil, əsl qardaşlıq üzərində qurulub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Politoloq sözlərinə davam edərək bildirib ki, Türkiyə, Azərbaycanın ərazi bütövlüyü məsələsində beynəlxalq arenalarda daim açıq və dəyişməz mövqe nümayiş etdirərək, Azərbaycanın haqq işini bütün dünyaya çatdırdı: "Azərbaycan da öz növbəsində, ən çətin günlərdə Türkiyənin yanında olduğunu dəfələrlə göstərdi. Xüsusilə də 2023-cü ildə baş vermiş fəlakətli Kahramanmaraş zəlzələsində Azərbaycan ilk yardım göstərən dövlətlərdən biri oldu. Azərbaycan xilasetmə qrupları, tibbi heyət və humanitar yardımlar fəlakət bölgəsinə vaxtında çatdırıldı və bu, təkcə dövlət səviyyəsində deyil, xalqın qəlbindən gələn bir həmrəylik aktı idi. Bu hadisə bir daha nümayiş etdirdi ki, “Bir millət, iki dövlət” prinsipi yalnız şüar deyil, real siyasi və insani təməl üzərində dayanır.

Bu gün isə Azərbaycan və Türkiyə ikitərəfli münasibətlər tarixində yeni və strateji bir mərhələyə qədəm qoyur. Genişmiqyaslı iqtisadi, enerji və nəqliyyat layihələrinin reallaşdırılması, ortaq müdafiə sənayesi təşəbbüsləri və Zəngəzur dəhlizi kimi regional bağlantı layihələri bu əməkdaşlığın real göstəriciləridir. Rəsmi mərasimlərdə çıxış edən dövlət başçıları da bu sarsılmaz dostluğun və qardaşlığın əhəmiyyətini xüsusilə vurğulayırlar. Türkiyə və Azərbaycanın münasibətləri təkcə iki dövlət arasında deyil, eyni zamanda bütün Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Cənab Prezidentin də qeyd etdiyi kimi: “Biz dəfələrlə bəyan etmişik ki, Türkiyə-Azərbaycan münasibətləri sarsılmaz təməllər üzərində qurulub və bu təməllər heç bir halda zədələnə bilməz”. Bu münasibətlər artıq sadəcə diplomatik və iqtisadi əlaqələrlə məhdudlaşmır – bu, ümumi tarixə, dilə, mədəniyyətə və ideallara əsaslanan bir birliyin təcəssümüdür. İndiki mərhələdə bu münasibətlər artıq müttəfiqlik səviyyəsindən strateji tərəfdaşlıq səviyyəsinə, ordan isə vahid gələcək yoluna doğru inkişaf edir. Bu münasibətlərin gələcəyi isə yalnız Azərbaycan və Türkiyə üçün deyil, eyni zamanda bütün türk coğrafiyası üçün inkişaf, sabitlik və güc vəd edir.

Müəllif: Günel Rəşadqızı