Benefisiarlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil olunub

20 İyun 2025 19:47 (UTC+04:00)

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Dostluğa yol aç” adlı tədbir keçirilib.

SİA xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan tədbir mərkəzin benefisiarları olan uşaqların yol hərəkəti iştirakçılarının əsas hüquqları barədə məlumatlandırılması məqsədi daşıyıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis kapitanı Pərvanə Muradova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşı, Əməkdar müəllim Fəridə Süleymanova bu sahədə əsas məlumatları benefisiarlarla bölüşüblər.

Tədbir iştirakçılarına yol hərəkəti qaydaları və təhlükəsizlik tələblərinə dair nəzəri və praktiki biliklər aşılanıb.

Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl olunması, bu sahədə hüquqpozmalarına yol verilməməsi mövzusunda söhbət aparılıb.

Uşaqlar arasında interaktiv oyun və yarışlar təşkil olunub, maarifləndirici videoçarxlar nümayiş etdirilib.

Təlimin yekununda tədbir iştirakçılarına Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən diplomlar verilib.