Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Fuad Ələsgərov Tovuzda dəfn olunub

20 İyun 2025 16:44 (UTC+04:00)

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 1974-cü il təvəllüdlü Ələsgərov Fuad Cəfər oğlunun nəşinin qalıqları bu gün Tovuz rayonunda ailəsinə təhvil verilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, rayonun Ağbaşlar kəndində şəhidlə vida mərasimi keçirilib. Vida mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, şəhidin ailə üzvləri, yaxınları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Ağbaşlar kənd qəbiristanlığında torpağa tapşırılıb. Hərbi orkestr Dövlət Himnini ifa edib, yaylım atəşi açılıb.

Qeyd edək ki, Ələsgərov Fuad Cəfər oğlu 1974-cü ildə Tovuzun Ağbaşlar kəndində anadan olub. 1993-ci ildə Füzuli rayonu ərazisində itkin düşmüşdü.