2025–2026-cı tədris ili üzrə ümumtəhsil müəssisələrinin I siniflərinə şagird qəbulu ilə bağlı prioritet məktəblərə müraciətdən imtina alan valideynlər iyulun 17-də saat 11-dən etibarən imtina aldıqları məktəblərə yenidən sərbəst formada sorğu yerləşdirə bilərlər. SİA xəbər verir ki, bu zaman artıq prioritet meyarları tələb olunmur. İmtina alanlar ayın 17-ni gözləmədən digər məktəblərə də sorğu yerləşdirə bilərlər. Prioritet meyarlarına əsasən yerləşdirilən sorğulara 5 iş günü ərzində təsdiq və ya imtina cavabı gəlir.
Qeyd edək ki, prioritet (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) üzrə valideynlər isə ilk növbədə müəyyən edilmiş müddətdə (Azərbaycan bölməsi üzrə 6 may-5 iyun 2025-ci il, tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə 17 iyun-17 iyul 2025-ci il tarixlərində) üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər.