Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Bu gün bəşəriyyətin çoxəsrlik tarixinin parlaq səhifələrindən birini bənzərsiz dostluq, qardaşlıq və strateji tərəfdaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə münasibətləri təşkil edir.
İki ölkə arasında dünya miqyasında oxşarı olmayan unikal əlaqələrin mahiyyəti Azərbaycan və Türkiyə xalqlarının böyük öndərlərinin tarixi kəlamlarında öz əksini tapıb. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün isə “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” fikirləri, heç şübhəsiz, iki ölkənin dostluğunun və qardaşlığının fəlsəfi əsasını təşkil edir.
Həm Azərbaycan, həm də Türkiyə bir-birinin yanında olmaqla - qətiyyətli dəstək ifadə etməklə, ən yüksək səviyyədə olan münasibətləri davamlı inkişaf etdirməklə bu reallığı nümayiş etdirirlər. Unutmamışıq və daim xatırlayacağıq: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı hərbi-siyasi əsarətdən xilas edərkən qardaş Türkiyə bir daha yanımızda oldu, qətiyyətli mənəvi-siyasi dəstək göstərərək birlik - həmrəylik nümayiş etdirdi. Türkiyə postmüharibə dövründə də Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq səviyyədə inamla müdafiə edir, regionda və işğaldan azad olunmuş ərazilərdə görülən işlərdə ölkəmizə dəstək nümayiş etdirir. Azərbaycan da öz növbəsində milli maraqlara dair prinsipial məsələlərdə Türkiyəyə inamlı və qətiyyətli dəstək verir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki güclü, nüfuzlu dövlətin birgə təşəbbüsləri regionda təhlükəsizlik mühitinin güclənməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə əvəzsiz töhfədir.
"Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatdı və biz tarixi ədaləti bərpa etdik. Bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır", - deyən dövlətimizin başçısı Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin yaradılmasının da çox gözəl hadisə olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da baş vermis zəlzələdən sonra başda Kahramanmaraş olmaqla zəlzələ bölgəsində intensiv işlərə başlanılıb. Bölgədə çoxlu yaşayış sahələri tikilib. Azərbaycan Prezidenti İlham Əliyev zəlzələdən sonra Türkiyədə mənzil tikintisinə dəstək verəcəklərini açıqlayıb. Daha sonra bölgənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin koordinasiyası ilə yenidən qurulmuş və Azərbaycan küçəsinin əvvəllər yerləşdiyi ərazinin adı dəyişdirilərək Azərbaycan Məhəlləsi adlandırılmışdır.
Nəticədə Türkiyənin Kahramanmaraş şəhərində inşa olunan "Azərbaycan məhəlləsi"ndə həyat yenidən başlayır. Zəlzələdən zərər çəkmiş bölgədə Türkiyə və Azərbaycanın əməkdaşlığı ilə mənzillər tikilib. Onu da bildirək ki, Kahramanmaraşın mərkəzində yerləşən Azərbaycan bulvarı bu şəhərin ən çox dağıntıya məruz qalan əraziləridən biridir.
“Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün "Azərbaycan" məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür,” - bunu Prezident İlham Əliyev Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışı zamanı deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində söyləyib ki, Kahramanmaraşda açılan “Azərbaycan məhəlləsi” Türkiyə ilə Azərbaycan arasında tale birliyinin bariz nümunəsidir. Biz iki dövlətin bir ürək daşıyan övladlarıyıq”.
"Azərbaycan xalqının həmrəyliyini və dəstəyini heç vaxt unutmayacağıq. Türkiyə xalqına kömək əlini uzatdıqları üçün Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirmək istəyirəm", - deyən Prezident Ərdoğan Kahramanmaraşın "Azərbaycan məhəlləsi"ni təbii fəlakət bölgəsinin bərpasının qürur mənbəyi adlandırıb.
“Azərbaycan məhəlləsi” layihəsinin əlamətdar məqamlarından biri 2023-cü ilin aprelin 29-da keçirilən TEKNOFEST festivalı çərçivəsində Heydər Əliyev adına məktəbin və uşaq bağçasının təməlqoyma mərasimi oldu. Bu mərasimə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə qatıldılar. Daha sonra, 2023-cü ilin sentyabrında Naxçıvanda iki ölkə arasında bu layihəyə dair Əməkdaşlıq Sazişi imzalandı. Nəticədə 2024-cü ilin sentyabrında Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının açılışı baş tutdu.Tədbirdə Azərbaycan və Türkiyəni təmsil edən nümayəndə heyətləri iştirak ediblər. Məhəllənin açılış mərasimində isə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan məktəbin 4-cü sinfini bitirən şagirdlərə qiymət cədvəllərini təqdim etdilər. Dövlət başçıları tərəfindən şagirdlərə, həmçinin məktəbli çantaları hədiyyə olunub.
Qardaşlıq münasibətləri sayəsində hər iki dövlət son illərdə böyük irəliləyişlər əldə edib, əməkdaşlıq bütün sahələrdə böyük inkişaf yolu keçib.
Beləliklə, Kahramanmaraş şəhərindəki “Azərbaycan” məhəlləsi xalqlarımızın talelərinin ayrılmazlığının göstəricisidir. Bu layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin əyani nümunəsidir. “Azərbaycan” məhəlləsi iki qardaş ölkə arasında humanitar həmrəyliyin və strateji tərəfdaşlığın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir, eyni zamanda dostluq və həmrəyliyi daha da gücləndirən bir simvola çevrilib.
Yaşasın Türkiyə-Azərbaycan əbədi dostluğu, sarsılmaz qardaşlığı və strateji müttəfiqliyi!