Yay mövsümü istinin, günəşin və açıq havanın fəth etdiyi fəsildir. Bu fəsildə geyim seçimi yalnız görünüş məsələsi deyil, həm də rahatlıq və bədənin istiliklə mübarizəsidir. Düzgün seçilmiş geyim sizi həm sərin saxlayar, həm də gün boyu enerjili və gözəl hiss etdirər.
İsti havada bədən tərləyir və buna görə də geyimlərinizin nəfəs alması çox önəmlidir. Yayda geyimləriniz:
- Təbii parçalardan hazırlanmalıdır. Pambıq, kətan, şifon, viskoz və ipək kimi materiallar bədənin nəfəs almasına imkan verir və terin dəridə qalmasının qarşısını alır.
- Yüngül və nazik olmalıdır. Qalın parçalar bədəni isitdiyi üçün yay üçün uyğun deyil.
- Geniş və rahat kəsimlər seçilməlidir. Sıx geyimlər təri bədəndə saxlayır, rahatlıq vermir. Oversize, geniş köynəklər, ətəklər və şalvarlar yay üçün ideal seçimdir.
Yayda geyim rəngləri
Rənglər həm istiliyi azaltmalı, həm də estetik cəhətdən cəlbedici olmalıdır:
- Ağ rəng yayda klassik seçimdir. Günəş işığını əks etdirir, bədəni sərin saxlayır.
- Bej, krem, açıq boz və qaymağı kimi neytral rənglər zərif və çox yönlüdür.
Parlaq və təravətli rənglər – şaftalı, sarı, narıncı, mavi, zeytun – yay ruhunu hiss etdirməyə kömək edir. 2025-ci ilin trend rəngləri arasında buz mavisi, bardo (bordo), zeytun tonları önə çıxır. Bu rənglər həm təbiiliyi, həm də müasirliyi əks etdirir. Qara və digər tünd rənglər yayda çox tövsiyə olunmur, çünki istiliyi artırırlar.
Yayda geyim forması
Yayda geyim seçərkən bədənə sıxmayan, rahat hərəkət etməyə imkan verən modellər üstünlük təşkil edir:
- Oversize və geniş kəsimli köynəklər, bluzlar – həm rahat, həm də modaya uyğun seçimdir.
- Midi və maxi ətəklər havanı yaxşı keçirir və sərin qalmağa kömək edir.
- Geniş və yüngül şalvarlar həm gündəlik, həm də iş üçün uyğundur.
Yay donları və kombinezonlar – müxtəlif parçalardan, nazik və axıcı tərzdə hazırlanır. Nazik kəmərlər ilə geniş geyimlər bədənə uyğunlaşdırıla bilər, bu isə həm rahatlığı, həm də şıklığı təmin edir.
Aksesuarlar
Yayda geyimi tamamlamaq üçün aksesuarlar da çox önəmlidir:
- Geniş qabırğalı şapkalar günəşdən qoruyur və görünüşə zəriflik qatır.
- Böyük eynəklər gözləri qorumaqla yanaşı, moda detalıdır. Açıq rəngli, yüngül çantalar həm funksional, həm də estetik baxımdan uyğun gəlir.
- Sandallar, espadrillər və açıq ayaqqabılar yay ayaqqabılarının favoritisidir.
- İncə bilərziklər, zərif sırğalar isə yay stilini yumşaldır və tamamlayır.
Günəşdən qoruyucu krem istifadə edin. Rahat, nəfəs alan və günəş şüalarını əks etdirən parçalar seçin. Geyimlərinizi qat-qat (layering) formada geyinməkdən çəkinin, yayda sadə və yüngül kombinlər daha yaxşıdır. İsti günlərdə şal və ya nazik şərf istifadə edərək həm günəşdən qoruna, həm də görünüşünüzə fərqlilik qata bilərsiniz. Günün ən isti vaxtlarında açıq rəngli, geniş və yüngül geyimlərə üstünlük verin.
Yayda geyinmək sadəcə moda deyil, həm də rahatlıq və sağlamlıq məsələsidir. Doğru parçalar, açıq rənglər, geniş kəsimlər və zərif aksesuarlar sizin yay stilinizi tamamlayacaq. Bu prinsipləri tətbiq edərək həm şık, həm də sərin qala bilərsiniz.
İsti Havada Geyimin Sağlamlığa Təsiri
1. Bədənin Temperaturunun Tənzimlənməsi
İsti havada bədən temperaturunun balansda saxlanması çox önəmlidir. Geyimlər bədənin bu temperaturu saxlama qabiliyyətinə yardım edir. Yüngül, nəfəs alan və təbii parçalar bədən tərlədikdə tərin buxarlanmasını asanlaşdırır və bədəni sərin saxlayır. Əksinə, qalın, sintetik və nəfəs almayan geyimlər tərin dəridə qalmasına, bədənin çox istilənməsinə səbəb olur.
2. Dəri Sağlamlığı
İsti havalarda sıx və sintetik parçalar dərinin nəfəs almasına mane olur, bu da dəridə qıcıqlanma, qızartı, səpkilər və hətta göbələk infeksiyalarına gətirib çıxara bilər. Yüngül və təbii parçalar isə dərinin sağlam qalmasına şərait yaradır.
3. Dehidratasiya və Ümumi Rahatsızlıq
Geyimlər bədən istiliyinin tənzimlənməsində rol oynayır. İsti havada ağır və nəfəs almayan geyimlər bədənin temperaturunu artıraraq həddindən artıq tərləməyə səbəb olur. Bu isə bədəndə maye itkisinə (dehidratasiya) yol açaraq baş ağrısı, yorğunluq, zəiflik kimi vəziyyətlərə səbəb ola bilər.
4. Ürək-Damar Sisteminə Təsiri
İsti havada düzgün geyim seçilməməsi bədənin əlavə yüklənməsinə gətirib çıxarır. Bədən çox istilənəndə, ürək və damarlar daha çox işləyir ki, bədəni soyutsun. Ağır və sıx geyimlər bu yükü artırır və ürək-damar sisteminə mənfi təsir edə bilər, xüsusilə yaşlılar və ürək xəstələri üçün riskləri yüksəldir.
5. Hərəkət Azadlığı və Komfort
İsti havada sıx geyimlər hərəkəti məhdudlaşdırır, dəridə narahatlıq yaradır. Bu da stress və fiziki narazılıq hissini artırır. Rahat, geniş və nəfəs alan geyimlər isə hərəkət azadlığı verərək bədənin daha rahat olmasına kömək edir.
Modelyer Şəlalə Maqsudova: "Yay aylarında geyim seçimi həm iqlimə uyğun rahatlıq təmin etməli, həm də modaya cavab verməlidir. Hər yayda moda aləmində dəyişikliklər baş verir, bu dəyişikliklər özünü həm kəsimlərdə, həm parça seçimində, həm də rəng palitrasında göstərir. 2025-ci ilin yay mövsümündə xüsusilə rənglər ön plana çıxır. Bu mövsümün moda rəngləri arasında aşağıdakılar seçilir:
Zeytun tonları – təbiiliyi və sakitliyi simvolizə edən bu rənglər yay geyimlərində həm gündəlik, həm də rəsmi stillərə uyğun gəlir.
Bordo (bardo) rəngləri – klassik və zərif görünüş axtaranlar üçün ideal seçimdir.
Buz rəngləri – xüsusilə açıq mavi və boz tonlar, sərinlik hissi verdiyinə görə yay üçün çox əlverişlidir.
Şaftalı tonları – təravətli və yumşaq görünüş yaradır, günəşli havalarda özünü daha da göstərir.
Qaymağı və akur rənglər – açıq, neytral tonlar olaraq həm şıq, həm də minimalist kombinlər üçün mükəmməldir.
Bu rənglər sadəcə dəb üçün deyil, həm də yay günəşində daha az istilik çəkməsi baxımından da funksional seçimlərdir. Yay mövsümündə geyim təkcə görünüş məsələsi deyil, həm də rahatlıq, sərinlik və özünü yaxşı hiss etmək deməkdir. Hər fəsildə olduğu kimi bu yay da modada müəyyən dəyişikliklər var. Geyimlərin rənglərində, parçalarında və ümumi üslubunda yeniliklər özünü göstərir. Bu yazıda həm rənglərdən, həm də parçaların seçimindən danışmaq istərdim. Bunlarla yanaşı, onu da unutmayaq ki, klasik açıq tonlar, yəni bej, krem, açıq boz və oxşar rənglər – hər mövsüm olduğu kimi bu yay da dəbdədir. Onlar sadə, amma şıq görünmək üçün hər zaman işə yarayır. Bu yay geyimlərdə daha çox nazik və nəfəs alan parçalar istifadə olunur. Artıq qalın, tər saxlayan materiallardan uzaqlaşırıq. Yerini daha rahat, yüngül və dəriyə nəfəs verən parçalar tutur:
Kətan parçalar – həm sərin saxlayır, həm də çox təbii görünür.
Qazlı kətan (giz katan) – son zamanlar həm qadın, həm kişi geyimlərində çox dəbdədir. Yüngüldür, axıcıdır və yay havasına çox uyğundur.
Giz geyimləri – bu parçadan hazırlanan paltarlar həm rahat, həm də dəbli görünür.
Nazik kataş tipli parçalar – xüsusilə köynəklər və yay donlarında çox istifadə olunur, zərif və tərtəmiz görüntü yaradır.
Belə parçalarla həm şəhərdə, həm istirahətdə, həm də gündəlik həyatda rahatlıqla hərəkət etmək olur. Üstəlik, düzgün kombin olunarsa, çox modern və tərzli də görünür.
Bu yay daha çox geniş, boş kəsimli paltarlar, bol ətəklər və şalvarlar, böyük ölçülü, rahat koftalar, oversize, yəni böyük kəsimli pencəklər görəcəyik. Belə geyimlər həm rahatdır, həm də səliqəli görünür. Onlar bədəni sıxmır, sərbəst hərəkət etməyə imkan verir. Bir də vurğulamaq istəyirəm ki, bu geniş pencəklər və koftalar nazik, incə kəmərlərlə bədənə uyğunlaşdırılır. Bu kəmərlər geyimə həm form verir, həm də ona fərqli görünüş qazandırır. Yəni böyük geyimlər nazik kəmərlə tamamlananda həm rahat, həm də şıq görünür".