Aqrar məhsulların qiymətləri tələb-təklif əsasında formalaşır - Assosiasiya

20 İyun 2025 12:23 (UTC+04:00)

Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətləri tələb-təklif əsasında formalaşır. SİA xəbər verir ki, bunu "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədr müavini Jalə Əmirbəyova Azərbaycanda keçiriləcək məhsul festivallarına həsr edilmiş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, məhsulların qiymətlərinə iqlim və digər amillər də təsir göstərir:"Məhsul bol olanda qiymət azalır. Bəzi məhsullar var ki, onların qiymətini dövlət tənzimləyir. Məsələn, buğda – çünki bu, strateji məhsuldur. Dövlət çalışır ki, bu məhsulların qiyməti sabit qalsın və əhali üçün əlçatan olsun. Digər məhsullarda isə belə bir tənzimləmə yoxdur. Biz əslində istəyirik ki, məhsul çox olsun, alıcı da istəyir ki, qiymət aşağı olsun. Yəni hər kəsin öz marağı var. Məhsul festivalları kimi tədbirlər zamanı biz istəyirik ki, iştirakçılarımız – istər fermerlər, istərsə də digər istehsalçılar – məhsullarını bazar qiymətinə uyğun sata bilsinlər. Həmin tədbirlərə yalnız yerli insanlar yox, ölkənin müxtəlif bölgələrindən də qonaqlar gələcək".