"Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı əbədi qardaşlığın ifadəsidir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

20 İyun 2025 12:04 (UTC+04:00)

“2023-cü ildə fevralın 6-da dəhşətli zəlzələ nəticəsində tamamilə dağılmış Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı iki qardaş dövlətin – Azərbaycan və Türkiyənin sarsılmaz, əbədi dostluğunun bir daha aydın ifadəsidir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xatırladıb ki, zəlzələnin baş verdiyi ilk andan Azərbaycan Türkiyənin yanında olduğunu nümayiş etdirdi və xalqımız qardaşlarımızın dərdinə şərik olduğunu bildirməklə öz əməli köməyini göstərdi.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına dərhal mindən çox heyət, axtarış-xilasetmə üzvləri, könüllülər, həkimlər, mütəxəssislər göndərildi. Bu heyət üzvləri tərəfindən 53 nəfər insan dağıntılar altından sağ çıxarılıb, 3200 insana tibbi yardım göstərilib, vətəndaşlarımız zəlzələnin verdiyi çətinliklərin aradan qaldırılmasında yüksək fədakarlıq göstəriblər.

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin salınması və açılışı unudulmaz hadisədir. 60-dan çox binanın inşa edildiyi, 1200 mənzilli bu qəsəbədə məktəb, uşaq bağçası var, gələcəkdə mədəniyyət mərkəzi inşa ediləcək və insanların normal yaşayışı üçün hər bir şərait yaradılacaqdır. “Azərbaycan” məhəlləsinin açılışında çıxış edən dövlətimizin rəhbəri görülən işlərə böyük dəyər verməklə bildiribdir ki, “Bu gün Türkiyə - Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir”.

Azərbaycan və Türkiyə Prezidentlərinin çıxışlarında əksini tapan “biz hər an bir-birimizin yanındayıq, qanı bir, canı bir əbədi qardaşıq”, ifadələri həm də dünyaya verilən bir mesajdır. Sarsılmaz birliyin, qardaşlığın nümunəsidir. Kahramanmaraşda cənab İlham Əliyevin sürəkli alqışlarla qarşılanması, Qarabağın Fatehi kimi alqışlanması rəhbərimizə, xalqımıza ehtiramın, hörmətin, diqqətin yüksək təcəssümü olmaqla birliyə, əməkdaşlığa, inkişafa bir qiymətdir. Bununla yalnız qürur duymaq olar”, deyə Tahir Rzayev bildirib.