"Kazinoların leqallaşdırılması dövlət büdcəsini artırmaq baxımından əhəmiyyətlidir" - EKSPERT ŞƏRH ETDİ

20 İyun 2025 10:58 (UTC+04:00)

"Son illərdə turizmin inkişafı Azərbaycanın iqtisadi prioritetlərindən biri kimi ön plana çıxır. Bu baxımdan kazinoların açılması məsələsi cəmiyyətin müxtəlif təbəqələrində və iqtisadi dairələrdə maraq doğuran mövzulardandır. Bu addım bir sıra sahələrdə ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadiyyatçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, ilk növbədə, kazinoların fəaliyyəti turizm sektorunu canlandıra bilər. Dünyada bir çox ölkə məhz bu yolla xarici turist cəlb edərək, iqtisadiyyatına böyük həcmdə valyuta axını təmin edir: "Azərbaycanda da belə bir təcrübənin tətbiqi, xüsusilə qonşu ölkələrdən – Rusiya, İran, Türkiyə və Orta Asiya ölkələrindən gələn turistlərin sayını artırmaqla nəticələnə bilər. Bu da öz növbəsində hotellər, istirahət mərkəzləri, restoran və digər xidmət sahələrinin inkişafına təkan verər. Bununla yanaşı, kazinoların leqallaşdırılması dövlət büdcəsinə vergi daxilolmalarını artırmaq baxımından da əhəmiyyətlidir. Kazino sektorunda fəaliyyət göstərən müəssisələrdən alınacaq rüsumlar və vergilər, həm mərkəzi, həm də yerli büdcələrə əlavə gəlir gətirə bilər. Bu isə sosial layihələrin maliyyələşdirilməsi və infrastrukturun təkmilləşdirilməsi baxımından yeni imkanlar yarada bilər.

Kazinoların açılması həmçinin məşğulluğun artırılmasına səbəb ola bilər. Bu sahədə minlərlə insan – o cümlədən menecerlər, xidmət işçiləri, təhlükəsizlik əməkdaşları və texniki heyət – işlə təmin oluna bilər. Bununla bərabər, kazinoların fəaliyyəti nəqliyyat, tikinti, qida və digər əlaqəli sahələrdə də iqtisadi aktivliyi artıracaqdır. Nəhayət, belə bir addım ölkədə infrastrukturun inkişafına da töhfə verə bilər. Kazino komplekslərinin tikintisi və onların ətrafında yaradılacaq istirahət zonaları, yollar, xidmət obyektləri və digər infrastruktur layihələri ümumi iqtisadi inkişafı stimullaşdıra bilər".