"Zirə" və Xorvatiyanın "Hayduk" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun vaxtı dəyişdirilib. SİA xəbər verir ki, Bakıdakı qarşılaşma iyulun 24-də yox, bir gün tez - iyulun 23-də "Neftçi Arena"da (8-ci km stadionu) olacaq.
UEFA bu qərarı Azərbaycanın bütün klublarının ev oyunlarını paytaxtda keçirəcəyi ilə əlaqədar qəbul edib.
Cavab görüşü isə iyulun 31-də Split şəhərindəki "Polyud" stadionunda baş tutacaq.
Qeyd edək ki, Azərbaycanın UEFA Konfrans Liqasındakı digər təmsilçisi "Araz-Naxçıvan" Yunanıstan "Aris"inə qarşı ilk oyununu iyulun 24-də "Liv Bona Dea Arena"da keçirəcək.