"Uşaqlara erkən yaşlardan etibarən yol hərəkəti mədəniyyəti öyrədilməlidir" - EKSPERT AÇIQLADI

20 İyun 2025 10:43 (UTC+04:00)

"Müasir dövrdə yol hərəkəti qaydalarına riayət olunmaması, xüsusilə də piyadaların piyada keçidindən istifadə etməməsi nəticəsində baş verən qəza halları cəmiyyət üçün ciddi təhlükə yaradır. Bu cür məsuliyyətsizlik bəzən insanların həyatına son qoyur, bəzən isə ağır xəsarətlərlə nəticələnir. Bu səbəbdən həm dövlət qurumları, həm də vətəndaşlar bu problemin qarşısını almaq üçün birlikdə səylə çalışmalıdırlar". Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.

Onun sözlərinə görə, əvvəlcə bu problemin əsas səbəblərinə nəzər salmaq lazımdır. Əhalinin bir qismi, xüsusilə də yaşlı və azyaşlı şəxslər piyada keçidinin nə üçün vacib olduğunu bilmirlər və ya buna əhəmiyyət vermirlər. Bəzi hallarda piyada keçidlərinin lazımi yerlərdə olmaması və uzaqda yerləşməsi insanları qaydanı pozmağa sövq edir: "Eləcə də, piyadalar arasında tənbəllik, tələsiklik və vaxt itirməmək istəyindən irəli gələn yolun istənilən yerindən keçmə halları çox müşahidə olunur. Bəzi ərazilərdə isə keçidlər olsa da, işıqforların işləməməsi vəziyyəti daha da təhlükəli edir. Bu cür halların qarşısını almaq üçün bir sıra tədbirlər görülə bilər. İlk növbədə, cəmiyyətin maarifləndirilməsi vacibdir. Televiziya, radio, sosial media və məktəblər vasitəsilə yol hərəkəti qaydaları, xüsusilə piyadaların öhdəlikləri barədə əhali arasında məlumatlandırma işləri aparılmalıdır. Uşaqlara erkən yaşlardan etibarən yol hərəkəti mədəniyyəti öyrədilməlidir.

Bundan əlavə, qanunvericilikdə qayda pozan piyadalar üçün nəzərdə tutulan cərimələr daha sərt şəkildə tətbiq olunmalıdır. İnsanlar bilməlidirlər ki, piyada keçidindən istifadə etməmək təkcə onların şəxsi təhlükəsizliyini deyil, həm də sürücülərin və digər yol iştirakçılarının həyatını riskə atır. Texnoloji və infrastruktur baxımından da addımlar atılmalıdır. Əhali sıxlığı olan ərazilərdə yeni piyada keçidləri qurulmalı, zəruri hallarda yeraltı və ya yerüstü keçidlər tikilməlidir. Keçidlərdə gecə saatlarında görünürlüğü artırmaq üçün işıqlandırma sistemləri quraşdırılmalıdır. Ağıllı işıqforlar və müşahidə kameraları vasitəsilə nəzarət gücləndirilməlidir.

Nəhayət, unutmamalıyıq ki, yol hərəkəti təhlükəsizliyi yalnız dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşən bir məsuliyyətdir. Piyada keçidindən istifadə etmək sadə bir qayda kimi görünə bilər, lakin bu qaydaya riayət etməklə bir çox qəzaların qarşısını almaq mümkündür. Bu məsələni yalnız cərimə və nəzarət yolu ilə deyil, eyni zamanda maarifləndirmə və şəxsi məsuliyyət hissi ilə həll etmək mümkündür".