"Qızılın qiymətləri baş verən qarşıdurma fonunda artıb" - QURUM RƏSMİSİ AÇIQLADI

18 İyun 2025 15:37 (UTC+04:00)

"Qızılın qiymətləri İran və İsrail arasında baş verən qarşıdurma fonunda artıb. Bu hadisə Yaxın Şərqdə daha genişmiqyaslı münaqişə ehtimalı ilə bağlı narahatlıqları artıraraq, qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər". Bu sözləri SİA-ya açıqlamasında Zərgərlər Assosiasiyanın İdarə heyətinin sədrinin müavini Rövşən Əmircanov deyib.

Onun sözlərinə görə, ümumilikdə, geosiyasi qeyri-sabitliklər fonunda, xüsusilə Yaxın Şərqdə İran və İsrail arasında artan gərginlik, eləcə də qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənliklər nəticəsində qızıla olan tələbat əhəmiyyətli dərəcədə yüksəlib: "Belə şəraitdə investorlar daha təhlükəsiz və sabit aktivlərə — o cümlədən qızıla — üstünlük verirlər ki, bu da qiymətlərin artmasına təkan verir.

Son dövrlərdə ABŞ və Çin arasında davam edən ticarət qarşıdurmaları, ABŞ-ın Avropa İttifaqı məhsulları və texnologiya sektoruna qarşı irəli sürdüyü yeni tarif təhdidləri, həmçinin inflyasiya və iqtisadi tənəzzül riski qiymətli metalların, xüsusilə də qızılın cazibəsini artıran əsas amillərdəndir.

Bundan əlavə, bir sıra ölkələrin mərkəzi banklarının qızıl ehtiyatlarını artırmaq siyasətini davam etdirməsi bazarda alıcılıq təzyiqini daha da gücləndirir. Bu faktorların təsiri ilə formalaşan qiymət artımı Azərbaycanın qızıl və zinət əşyaları bazarına həm birbaşa, həm də dolayı təsir göstərir. İdxal olunan məhsulların maya dəyərinin artması, öz növbəsində, daxili bazarda satış qiymətlərinə də təsir edir.

Qeyd edilməlidir ki, qızılın qiymətləri artmaqda davam etsə də, brilyant bazarında son aylarda təklif və tələbin nisbətən balanslaşması səbəbindən qiymətlərdə müəyyən azalma müşahidə olunur. Hazırda London Əmtəə Birjasında qızılın bir unsiyası 3 390–3 400 ABŞ dolları intervalında ticarət olunur. Bu səviyyə, artan geosiyasi risklər və iqtisadi qeyri-müəyyənlik fonunda güclənən tələbatla bağlıdır. Mövcud tendensiya yaxın perspektivdə qiymətlərin artım istiqamətində davam edəcəyini göstərir"- deyə qurum rəsmisi bildirib.