Azərbaycan Estoniya ilə vergi sahəsində gələcək əməkdaşlığa dair sənəd imzalayıb - FOTOLAR

18 İyun 2025 16:11 (UTC+04:00)

Azərbaycan və Estoniya arasında vergi sahəsində gələcək əməkdaşlığın əsaslarını müəyyən edən protokol imzalanıb. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) bu gün Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Estoniya Vergi və Gömrük Şurasının baş direktoru cənab Rayqo Uukivi ilə ikitərəfli görüş keçirib.

Görüşdə iki ölkə arasında vergi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər vergi risklərinin vaxtında aşkar olunması, qiymətləndirilməsi və qarşısının alınması məqsədilə təcrübə mübadiləsi, rəqəmsal alətlərdən istifadə etməklə xidmət keyfiyyətinin yüksəldilməsi və könüllü vergi ödənişlərinin stimullaşdırılması istiqamətində əməkdaşlıq, yığım mexanizmlərinin təkmilləşdirilməsi üçün innovativ yanaşmalarla bağlı fikir mübadiləsi aparıblar.

Görüşün sonunda sözügedən sənədi imzalanıb. Protokol iki ölkənin vergi administrasiyaları arasında gələcək birgə fəaliyyətlər üçün yol xəritəsi rolunu oynayacaq və strateji tərəfdaşlığın inkişafına töhfə verəcək.