"Biz baş verənlərdən narahatıq" - ŞƏRH EDİLDİ

18 İyun 2025 14:25 (UTC+04:00)

"İsrail və İran arasında olan qarşıdurma təbii olaraq region üçün, xüsusilə də, Azərbaycan üçün arzuolunan deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, İsrailin Azərbaycan üçün tərəfdaş ölkə olması, İranın isə qonşu ölkə olması bizi maksimum şəkildə ehtiyatlı olmağa məcbur edir: "Biz baş verənlərdən narahatıq və bu da səbəbsiz deyil. İlk olaraq ona görə ki, bu ölkədə 40 milyona yaxın soydaşımız yaşayır və İrana qarşı uzunmüddətli və genişmiqyaslı müharibə Azərbaycana qaçqın axınına səbəb ola bilər. Bu isə öz-özlüyündə ölkəmiz üçün humanitar problemə yol aça bilər. Onların yerləşdirilməsi, ərzaq və digər zəruri avadanlıqlarla təmin edilməsi Azərbaycan üçün istər-istəməz çətinlik yaradar.

İkincisi, bu müharibə Azərbaycanın əsas silah tədarükçülərindən biri olan İsraili özünün silah təlabatının təmin edilməsinə fokuslaya bilər ki, bu da bizə lazım olan silah və texnikanın ötürülməsində çətinliklərə yol aça bilər. İran ərazisində tranzit olaraq istifadə imkanlarımız da təhlükə altındadır. Bakıdan Naxçıvana və əks istiqamətdə avtobusların hərərkəti dayandırılıb. Həm bu marşrut üzrə, həm də Türkiyədən İran vasitəsilə Azərbaycana və buradan da digər istiqamətlərə daşınmalar da aktiv hərbi əməliyytalar səbəblə dayandırılıb. Bir sıra ölkələrə təyyarə reyslərinin dayandırılması turizm sektoruna da mənfi təsirlər göstərməyə başlayıb. Xüsusilə yay aylarında İran və İsraildən ölkəmizə turizm axının olduğu məlumdur. Lakin indiki şərtlərlə bu da mümkünsüz olub. Buraya İrandan ölkəyə gətirilən ərzaq və digər məhsulların da idxalında ortaya çıxan problemləri əlavə etdikdə görürük ki, bu müharibə bizə olduqca mənfi təsir edir".

"Digər region ölkələri üçün də vəziyyət eynidir. Türkiyə yeni qaçqın axını ilə üzləşib, Türkiyə-İran sərhəd qapılarında yük maşınlarının sayına baxmaq kifayət edir ki, bu müharibənin region ölkələrinə də nə qədər iqtisadi ziyan vurduğunu görək. Onu da qeyd edim ki, İran və israil arasındakı mövcud vəziyyət Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşması prosesinə birbaşa təsir etməsə də müharibənin sərhədlərimizdə getməsi, həm Azərbaycanın, həm də Emənistanın İranla qonşu dövlət olması dolayısıyla bu istiqamətdə də öz təsirlərini göstərəcək. Dünyanın diqqəti artıq demək olar ki, İran və İsrail arasında müharibəyə fokuslanıb. Hətta hər gün gündəmi zəbt edən Rusiya-Ukrayna müharibəsi belə arxa fona keçib. Təbii ki, belə vəziyyət Azərbaycan və Ermənistan arasındakı danışılar prossesinə də təsir edir. Qısası bu müharibənin bizə həm siyasi, həm sosial, həm də humanitar təsirləri var" - deyə o, əlavə edib.