"Metrodan istifadə edənlərin sayının azalması ehtimalı reallığa uyğun görünmür" - EKSPERT FİKRİ

18 İyun 2025 11:45 (UTC+04:00)

"Metrodan istifadə edənlərin sayının azalması ehtimalı reallığa uyğun görünmür. Bu barədə konkret statistikaya istinad verilmədiyi halda belə, müşahidələr göstərir ki, Bakı Metropolitenində sərnişin axını sabit səviyyədədir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, günün pik saatlarında metro qatarlarında və platformalarda müşahidə olunan sıxlıq bunu təsdiqləyir: "Bu da onu göstərir ki, metrodan istifadə edən sərnişin sayı yetərincə çoxdur və kütləvi ictimai nəqliyyat vasitəsi kimi effektiv fəaliyyətini davam etdirir.

Əlbəttə, mövsümi dəyişikliklər – xüsusilə yay aylarında tətil mövsümünün başlaması ilə əlaqədar müəyyən fərqlər müşahidə oluna bilər. Lakin bu, hər il təkrarlanan adi haldır və ümumi sərnişin axınında ciddi azalma tendensiyası kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, metrodan istifadənin azaldığına dair irəli sürülən fikirlər faktlara əsaslanmadığı halda, sadəcə fərziyyə kimi qəbul olunmalıdır. Mövcud mənzərə göstərir ki, ictimai nəqliyyata – xüsusilə metroya olan tələbat yüksək olaraq qalır".

Ekspert bildirir ki, metrodan az sayda insanın istifadə etməsi, ictimai nəqliyyat sistemində səmərəliliyin azalmasına gətirib çıxara bilər: "Lakin metropolitenin əsas üstünlüklərindən biri onun fasiləsiz və ardıcıl hərəkət qrafikinə əsaslanmasıdır. Bu xüsusiyyət metro nəqliyyatını digər ictimai nəqliyyat vasitələrindən fərqləndirən mühüm amillərdən biridir.

Məhz bu səbəbdən metro, yüksək səviyyədə sərnişin dövriyyəsinə xidmət göstərməklə yanaşı, rahatlıq, təhlükəsizlik və operativliyi təmin edir. Nəqliyyatın planlı şəkildə təşkili və texniki imkanları, sərnişinlər üçün daimi və etibarlı xidmət şəraiti yaradır. Bu isə onu müasir şəhər mühitində əvəzsiz və zəruri nəqliyyat vasitəsinə çevirir"- deyə o əlavə edib.