"Hər bir dövlətin müstəqilliyini, təhlükəsizliyini qoruyan onun ordusudur. Ordu dövlətin atributudu və xalqın təhlükəsizliyini təmin edən zəmanətçisidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.
Onun sözlərinə görə, unutmayaq ki, dünya siyasəti beynəlxalq hüquqla yox, gücün qanunları ilə tənzimlənir: "Bunu Azərbaycan ölkəsi olaraq yaşamışıq. BMT-nin dörd qətnaməsi olmasına baxmayaraq Ermənistan Azərbaycan ərazisini işğal etdilər və oradan çıxmadılar. Lakin Azərbaycan öz ordusu ilə bu problemi həll etdi.
Ümumilikdə dünyada gedən proseslər onu göstərir ki, dövlətlər öz maraqlarını beynəlxalq hüquq normasında deyil, gücün tələbi ilə həyata keçirir. Bu baxımdan Azərbaycan öz təhlükəsizliyini, müstəqilliyini, ərazi bütövlüyünü və ordusunu formalaşdırmağa önəm verir.
Eyni zamanda bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılır. Prezident İlham Əliyevin ordu quruculuğunda xüsusi xidmətləri vardır. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən indiyə qədər ordunun formalaşdırılmasında, müasir silahlarla təmin edilməsində, ordunun vətənpərvərlik hislərinin artırılmasında xüsusi xidmətləri olmuşdur. 44 günlük Vətən müharibəsi buna örnəkdir. Prezident dəfələrlə çıxışlarında ordunun güclənməsi barəsində öz mövqeyini göstərmişdir".
Politoloq qeyd edib ki, dünyada gedən proseslər onu göstərir ki, hər bir xalq müstəqilliyini və təhlükəsizliyini qorumaq üçün mütləq şəkildə ordusunu gücləndirməlidir: "Ona görə də Azərbaycan bu baxımdan ordusunu gücləndirməkdədir. Qarşıdan ordunun yaranması ilə bağlı bayram gəlir. Təbiidir ki, biz Azərbaycan xalqı olaraq ordumuza önəm veririk. 44 günlük Vətən müharibəsində şəhid olan əsgərlərimizə, qazilərimizə xalqımızın xüsusi hörməti olduğunu unutmaq olmaz. Vətən müharibəsi dövründə heç bir əsgərimiz geri dönmədi. Bu isə xalqımızın mübarizliyini bir daha göstərmiş oldu.
44 günlük Vətən müharibəsində ordu-xalq birliyi mükəmməl vətənpərvərlik nümayiş etdirdi. Ümumilikdə tək dövlətimizin yox, xalqımızında ordumuzu formalaşdırmağında zəhməti böyükdür"- deyə o əlavə edib.